Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2018 14:32
  • A-
  • A
  • A+

“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları” mövzusunda tədbir keçirilib

“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları” mövzusunda tədbir keçirilib

Yanvarın 17-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları” mövzusunda tədbir keçirilib.

Tədbir XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rəyasət Heyəti tərəfindən Ədəbiyyat İnstitutunun yaradılmasının 85-ci ildönümünün qeyd olunması barədə qərarın qəbul edildiyini xatırladıb. Alim qərar çərçivəsində institutun yaradılmasında və əlaqələrinin genişləndirilməsində mühüm xidmətləri olan görkəmli alimlərin yubileylərinin keçirilməsinin, əsərlərinin nəşrinin nəzərdə tutulduğunu bildirib. O, bugünkü tədbirin sözügedən qərara əsasən baş tutduğunu deyib.

M.C.Cəfərovun həyatı, çoxcəhətli elmi fəaliyyəti barədə məlumat verən AMEA-nın vitse-prezidenti görkəmli elm xadiminin Azərbaycan yazıçılarının yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinə həsr olunmuş əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid kitabların müəllifi olduğunu bildirib. 

Diqqətə çatdırılıb ki, akademik M.C.Cəfərovun elmi fəaliyyətinin 40 illik bir dövrü Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olub. Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinə təxminən iyirmi il rəhbərlik etmiş M.C.Cəfərov həm də bu şöbənin yaradıcısı və ilk müdiri olub. Akademik İ.Həbibbəyli alimin Ədəbiyyat İnstitutunun direktoru olduğu illərdə bu qurumun elmi, ictimai və beynəlxalq əlaqələrinin inkişafındakı rolundan da bəhs edib.

Görkəmli elm xadiminin bədii yaradıcılıqla da məşğul olduğunu deyən İ.Həbibbəyli onun hekayələr kitabının, “Xatirələr” memuarının, “İnsanlar və talelər” dramının çap edildiyini söyləyib. O, “İnsanlar və talelər” dramının Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayaraq, teatrlarımızda səhnələşdirilən bu əsərin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Akademik İ.Həbibbəyli ədəbiyyatşünas alimin poema janrına da müraciət etdiyini, aparılan tədqiqatlar nəticəsində onun ərəb və kiril qrafikası ilə yazılmış əsərinin aşkarlandığını deyib. Yeni tapılan poemanın süjet xəttində baş verən hadisələrin Ədəbiyyat İnstitutunda cərəyan etdiyini deyən AMEA-nın vitse-prezidenti bu əsərin tezliklə çap ediləcəyini bildirib.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktorları - Şirindil Alışanlı, Vüqar Əhməd, Pərvanə İsayeva, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, onun ədəbiyyatşünaslığımızın inkişafındakı rolundan danışıblar.

Daha sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin "Ədəbiyyatşünas alimin naməlum tragikomediyası: böyük ədəbiyyat faktı kimi" adlı məruzəsi dinlənilib.

Tədbir çərçivəsində alimin həyat yolu və elmi fəaliyyətindən bəhs edən "Müdriklik zirvəsində" sənədli filmi nümayiş olunub. Həmçinin görkəmli elm xadiminin Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş kitabları sərgilənib.

Sonda Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edərək akademikin ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: