www.science.az
17.01.2018 12:00

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Seyid Səbrinin şəxsi arxivi yaradılıb

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda 2017-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbri (Əsədli) Mirsadıq oğlunun şəxsi arxivi yaradılıb. Bu, Əlyazmalar Fondunda yaradılan ilk şəxsi arxivdir.

Seyid Səbrinin əsərlərinin əlyazmaları, onunla bağlı müxtəlif arxiv sənədləri, nadir fotoşəkillər və digər materiallar ədibin qızı Fatma Əsədli tərəfindən fonda təqdim edilib.

Hazırlanan şəxsi arxivə S.Səbrinin “Şeirlər dəftəri”, müxtəlif illərdə Azərbaycan dilində kiril əlifbası ilə yazdığı “Azadlıq günəşi”, “Qansoranlar”, “Kimdir haqlı?” adlandırılan mənzum və nəsrlə yazılmış pyesləri, ərəb və kiril əlifbaları ilə yazdığı “Gözəldir”, “Mənsiz”, “Baxmaq istəyir”, “Vəsiyyət, şəriət, nəsihət” adlı şeirləri, eyni zamanda “Şərq qapısı” və “Yeni fikir” qəzetlərində dərc olunan yazılarının surətləri, 50-dən çox fotoşəkil və digər materiallar daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.