www.science.az
16.01.2018 17:25

AMEA-nın müxbir üzvü Kərim Kərimovun “Terrorizmə “Yox!” deyirik" adlı sərgisi açılıb

Yanvarın 16-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli geoloq alim, AMEA-nın müxbir üzvü Kərim Kərimovun “Terrorizmə “Yox!” deyirik" adlı sərgisi açılıb.

Azərbaycanda Atatürk Mərkəzi və “Həkəri” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılışında tanınmış alimlər və rəssamlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Mərkəzin müdiri, akademik Nizami Cəfərov çıxış edərək dünyada geofizika sahəsində kifayət qədər tanınan K.Kərimovun elmi fəaliyyətindən danışıb. Bildirib ki, alim 18 monoqrafiyanın, 550-dən artıq elmi məqalənin, 28 ixtira və 135-dən artıq atlas və xəritənin müəllifidir. N.Cəfərov Azərbaycan geofizikası sahəsində xüsusi məktəb yaradan K.Kərimovun 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edildiyini söyləyib.

K.Kərimovun, həmçinin çox orijinal palitraya malik rəssam olduğunu deyən akademik bildirib ki, "Terrorizmə "Yox!" deyirik" sərgisində nümayiş edilən əsərlər Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını ifşa etməklə bərabər, həm də bu işğalçı dövlətin apardığı ikiüzlü siyasətin əslində bütün dünya üçün təhlükə törətdiyini göstərir. Akademik K.Kərimovun əsərlərində bütün insanları ədalətə xidmət etməyə və terrorçuluğa qarşı mübarizəyə çağırdığını vurğulayıb.

Tədbirdə digər çıxış edənlər də K.Kərimovun elmi fəaliyyəti, eləcə də rəsm əsərləri barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.