www.science.az
16.01.2018 17:03

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.

Kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri - Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, "AZƏRTAC"ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Bundan əlavə, nəşrdə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.