www.science.az
13.11.2013 00:00

Müxtəlif ölkələrdə Milli Elm Günü

Bir çox ölkələrdə 10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbirlər keçirilməkdə davam edir. Elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malik konfrans, seminar, dəyirmi masa və sərgilərdə dünya alimləri bir araya gələrək qlobal problemlərə elmi dəstək verməyə çalışırlar.

 

Ümumdünya elm günü ilə yanaşı bir çox ölkələrdə milli elm günü, həftəsi də keçirilir. Hər bir ölkə bu əlamətdar hadisəni fərqli zamanlarda qeyd edir.

 

Dünyanın aparıcı ölkələrindən olan Amerika Birləşmiş Ştatlarında noyabr ayı ərzində “Milli Elm və Texnologiya” həftəsi qeyd olunur.

 

İtaliyada elmi elitanı bir araya gətirən tədbir məhz cari ayda keçirilir. Ölkənin milli elm günü də noyabrın 10-a təsadüf edir.

 

10-16 noyabr tarixlərini elm həftəsi elan edən ölkələrdən biri də İrandır. Qırğızıstan Milli Elm Günü də məhz 10 noyabr tarixində keçirilir.

 

Britaniyada “Milli Elm və Mühəndislik Həftəsi” Uels, Şotlandiya hökumətlərinin maliyə dəstəyi ilə Britaniya Elm Assosiasiyası tərəfindən təşkil olunur. Ölkənin elm və təhsil ocaqlarının bu hadisəyə xüsusi önəm verməsi nəticəsində hər il iştirakçıların sayı artmaqdadır. Qeyd edək ki, bu il elm həftəsi martın 15-24-ü tarixlərində keçirilib.

 

Avstraliyada milli elm həftəsi avqustda Sənaye, İnnovasiya, Elm və Ali təhsil Şöbəsi tərərfindən keçirilir. Almaniyanın alim və mütəxəssisləri isə oktyabr ayı ərzində bir araya gəlirlər.

 

Hindistanda milli elm gününün qeyd edilməsi təklifi 1986-cı ildə Elm və Texnologiya Komissiyası Milli Şurası tərəfindən irəli sürülüb. Hər il fevralın 28-i bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

 

Rusiyada milli elm gününün fevralın 8-də qeyd olunması tarixi xüsusi maraq kəsb edir. Bu günün əlamətdarlığı I Pyotrun Rusiya Elmlər və Rəssamlıq Akademiyasının yaranması ilə bağlı sərəncam verdiyi günlə səciyyələnir. Məhz 1724-cü il fevralın 8-də də Çar I Pyotrun sərəncamı ilə Rusiyada Elmlər Akademiyası yaranıb. SSRİ yarandıqdan sonra 1925-ci ildən 1991-ci ilədək qurum SSRİ Elmlər Akademiyası adı altında fəaliyyət göstərib.

 

Ən maraqlı faktlardan biri də budur ki, Rusiyada hələ sovet dövründə hər il aprel ayının III həftəsinin sonu elm günü qeyd olunub. Bu tarix isə 18-25 aprel 1918-ci ildə Leninin “Elmi-texniki işlərin fəaliyyət planı” adlı sərəncamı ilə bağlıdır.

 

Belarusda isə elm günü yanvar ayının son istirahət günü keçirilir.

 

Ukraynada milli elm günü may ayının III şənbə günü qeyd olunur. Bu il həmin tarix 18 maya təsadüf etmişdir. Ötən il milli elm günü qeyd edən ölkələrin cərgəsinə Qazaxstan da qatılıb. Bu hadisənin aprelin 12-də reallaşması da təsadüfi deyil. Məhz bu tarixdə ölkədə elm haqqında ilk qanun qüvvəyə minmişdir.

 

Dünya elminə töhfələr bəxş etmiş ölkəmiz də təbii ki, bu proseslərdən kənarda qalmır. Elmin cəmiyyətin inkişafında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Milli Elm Gününün təsis olunması da planlaşdırılır. AMEA Rəyasət Heyətinin iclaslarında mütəmadi olaraq, fundamental elmin inkişafı, elmi tədqiqatların səmərəliliyin yüksəldilməsi, milli elmi biliklərin təbliği, müasir gənclərin elmi fəaliyyətə daha fəal cəlb edilməsi məqsədilə görüləcək işlər müzakirə olunur. 2014-cü ilin baharında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan alimlərinin I qurultayında bu məsələnin müzakirəsi də prioritet mövzulardandır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.