www.science.az
16.01.2018 15:18

Yüksək Texnologiyalar Parkında "Micro Focus & HPE Software" şirkətinin nümayəndələri ilə görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Böyük Britaniyanın "Micro Focus & HPE Software" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.

Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu elmi qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra "Micro Focus & HPE Software" şirkətinin icraçı direktoru Vladimir Qlavçev təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, "Micro Focus & HPE Software" informasiya texnologiyaları dünyasında innovasiyanı əhatə edən və mövcud proqram sərmayələrini maksimuma çatdıran nəhəng şirkətlərdən biridir.

Görüşdə, həmçinin YT Parkın Texnologiya Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə və qurumun Beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.