www.science.az
15.01.2018 09:31

AMEA prezidenti magistrantların ingilis dili fənni üzrə imtahan prosesi ilə tanış olub

İnformasiya Texnologiyaları İnstitutunda 2017/2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olan I kurs magistrantların ingilis dili fənni üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə imtahan keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk semestrin yekunu olaraq, 4 qrup üzrə keçirilən sessiya imtahanının gedişatı ilə tanış olub. İmtahanda akademiyanın 17 institut və təşkilatından 12 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edib.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov magistrantlara ümumi fənlər üzrə nəzəri və praktiki dərslərin peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, magistrantlara ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaqla və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.

Akademik Akif Əlizadə institutda həyata keçirilən layihələri, magistrantlar üçün yaradılmış innovativ şəraiti yüksək qiymətləndirərək magistrantları elmi mühitdən yararlanmağa səsləyib, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. Alim onların gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadənin 20 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, bu qurumun magistrantları üçün qış imtahan sessiyası 29 dekabr 2017-ci il – 2 fevral 2018-ci il tarixlərinədək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 317 fənn üzrə imtahan keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad