Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2017 10:50
  • A-
  • A
  • A+

AMEA-da akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunub

AMEA-da akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunub

AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli tarixçi alim, “Şöhrət” və “İstiqlal” ordenləri laureatı, akademik Cəmil Quliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan tədbir keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Cəmil Quliyevin Azərbaycan tarix elminin inkişafında və təbliğində müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, alimin rəhbərliyi ilə 1975-1988-ci illərdə on cilddən ibarət fundamental “Azərbaycan Sovet Ensiklopediyası” əsəri hazırlanıb. Nəşrin Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olduğunu söyləyən akademik İ.Həbibbəyli tarixçi alimlərimizin bu gün də “Azərbaycan Sovet Ensiklopediyası”ndan dəyərli mənbə kimi istifadə etdiyini bildirib.

Cəmil Quliyevlə “Naxçıvan Ensiklopediyası”nın hazırlandığı dövrdə tanış olduğunu deyən AMEA-nın vitse-prezidenti görkəmli alimin arxiv materiallarına çox həssaslıqla yanaşdığını və mənbəşünaslıq elminin inkişafına mühüm töhfələr verdiyini qeyd edib. O, C.Quliyevin tarixi xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və alimin "Əməkdar elm xadimi" fəxri adına, “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Cəmil Quliyevin elmi və pedaqoji fəaliyyəti barədə məlumat verib. Bildirib ki, alim zəhmətkeşliyi sayəsində AMEA-nın vitse-prezidenti, BDU-nun rektoru vəzifələrinədək yüksəlib. Onun SSRİ dövründə üç cildlik və yeddi cildlik “Azərbaycan tarixi” kitabı işıq üzü görüb.

Y.Mahmudov, həmçinin C.Quliyevin Azərbaycan elminin keşiyində durduğunu və ölkəmizi beynəlxalq forumlarda dəfələrlə layiqincə təmsil etdiyini bildirib. İnstitut direktoru C.Quliyevin özündən sonra tarixçilər məktəbi yaratdığını və onun tələbələrinin dünyanın müxtəlif yerlərində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, ölkəmizdə ictimai elmlər sahəsində araşdırmalarının geniş miqyas alması, dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində C.Quliyevin xidmətləri danılmazdır. N.Axundova alimin 400-dən çox elmi əsərin müəllifi olduğunu və nəşrlərində Azərbaycana dair tarixi faktları ilk dəfə ictimaiyyətə açıqladığını vurğulayıb.

Tədbirdə, həmçinin Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun C.Quliyevlə bağlı məruzəsi dinlənilib. Alim qeyd edib ki, Cəmil Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.

Sonra professor İzzət Rüstəmov, tarix elmləri doktoru Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda görkəmli akademikin ailəsi adından oğlu Rüstəm Quliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: