www.science.az
28.12.2017 16:06

“Yüksək Texnologiyalar Parkı Kuboku” şahmat turniri başa çatıb

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən "Yüksək Texnologiyalar Parkı Kuboku" şahmat turnirinin final mərhələsi baş tutub.

Turnir AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 20 dekabr 2017-ci il tarixli sərəncamına əsasən ilk dəfə keçirilib.

AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil olunan şahmat turnirinə akademiyanın elmi müəssisə və təşkilatlarından 16 komanda qatılıb.

4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində I, II, III və IV yerlərin sahibləri bəlli olub.

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Bilal Bilalov I, İqtisadiyyat İnstitutunun əməkdaşı Tanriverdi Paşa II, həmin institutun digər əməkdaşı Ağadadaş Qafarov III, Fizika İnstitutunun əməkdaşı Sakin Cabarov isə IV yerə layiq görülüblər. Qaliblər Fəxri fərmanla təltif olunublar.

Tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA tərəfindən ilk dəfə şahmat yarışının keçirildiyini bildirib, iştirakçıları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycan şahmatçılarının beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etdiklərini və son olaraq milli komandamızın Avropa çempionu olduğunu diqqətə çatdırıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idmana dövlət dəstəyi siyasətini Prezident İlham Əliyevin uğurla həyata keçirməsi nəticəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Ölkəmizdə idmanın digər növləri kimi şahmatın inkişafının da diqqət mərkəzində olduğunu vurğulayan F.Həsənov bildirib ki, bu gün respublikada şahmatın kütləviliyinə tam nail olunub, bütün bölgələrdə şahmat məktəb və dərnəkləri fəaliyyət göstərir.

Tədbirdə Şahmat üzrə beynəlxalq dərəcəli hakim, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işcisi, kimya üzrə fəlsəfə doktoru Namiq İsmayılov yarışın rəqabət şəraitində keçdiyini qeyd edib. Şahmat turnirinin AMEA YT Parkın təşkilatçılığı ilə 2018-ci ildə də baş tutacağıını söyləyən N.İsmayılov yarış iştirakçılarına müvəffəqiyyətlər arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.