www.science.az
28.12.2017 14:32

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2017-ci ili əhatə edən hesabat iclası keçirildi.

Öncə qonaqlar institutda yaradılmış maddi-texniki şəraitlə yaxından tanış oldular. Onlara institutun Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullar, o cümlədən genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər, eləcə də institutun yeni təmirdən çıxmış “Təsərrüfat və mülki müdafiə sahəsi” haqqında ətraflı məlumat verildi.

Sonra bölmənin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 7 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki əsasları və texnikası, energetikanın fiziki-texniki problemləri və nüvə fizikası istiqamətlərində 4 mövzu üzrə 37 elmi-tədqiqat işi aparılmışdır. Xarici ölkələrin nüfuzlu jurnallarında 258, o cümlədən yüksək impakt faktorlu jurnallarda 226 məqalə, respublikada isə 89 məqalə çap olunmuşdur. 2017-ci ildə institut əməkdaşlarının məqalələrinə 1116 istinad qeydə alınmışdır.

İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirdi ki, cari ildə institutda 17 mövzu üzrə, 43 elmi-tədqiqat işi aparılmış və onlardan 6-sı başa çatdırılmışdır. Hesabat ilində 2 elmlər və 5 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işləri müdafiə edilmişdir.

T.Əliyev 2017-сi ildə institut əməkdaşları tərəfindən 344 elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın və 106-sı xaricdə olmaqla 165 məqalənin çap edildiyini bildirdi. Onlardan 26-sı “Thomson Reuters”, 26-sı “Scopus” bazaları, 48-i isə digər xarici nüfuzlu jurnallarda dərc olunmuşdur.

Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov cari ildə rəhbərlik etdiyi qurumda mühüm elmi-tədqiqat və elmi-təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 386 elmi əsəri – 140-ı xaricdə olmaqla 198 məqalə, 71-i xaricdə olmaqla 167 tezis, 15 elmi populyar nəşr, həmçinin monoqrafiya və dərs vəsaiti işıq üzü görmüşdür. Məqalələrdən 67-si “Thomson Reuters” beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında çap edilmişdir. M.Mərdanov qeyd etdi ki, 2017-ci ildə institutda 7 elmlər doktoru və 8 fəlsəfə doktoru müdafiə etmişdir.

Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirdi ki, 2017-ci ildə 4 problem üzrə 12 mövzuya uyğun 24 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

O, həmçinin Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda aparılan elmi tədqiqatlar barədə məlumat verdi, RPİ-də fəaliyyət göstərən Beynəlxalq Nüvə Məlumatlar Mərkəzinin öz işini uğurla davam etdirdiyini söylədi.

O.Səmədov cari ildə institut əməkdaşları tərəfindən 261 elmi-tədqiqat işinin yerinə yetirildiyini və 38-i impakt faktorlu jurnallarda olmaqla ümumilikdə 120 məqalənin dərc edildiyini diqqətə çatdırdı.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov  qurumun illik hesabatını təqdim edərək cari ildə əldə olunmuş elmi nailiyyətləri və praktiki astrofizika sahəsində görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, institutda ümumilikdə 57 kitab, monoqrafiya və məqalə işıq üzü görmüş, impakt faktorlu jurnallarda 13 məqalə dərc olunmuş, elmi işçilərin məqalələrinə 97 istinad qeydə alınmışdır.

Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək cari ildə institutda aparılmış elmi tədqiqatlar, həyata keçirilmiş layihələr və görüləcək işlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2017-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. O, Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, elektron tibb, proqram mühəndisliyi istiqamətlərində araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı.

Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşları tərəfindən 84 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunmuş, beynəlxalq və respublika səviyyəli konfranslarda 126 məruzə ilə iştirak edilmişdir. Cari il üzrə nəşr olunmuş 210 elmi əsərdən 87-si nüfuzlu bazalara daxil olmuşdur.

R.Əliquliyev, həmçinin 2017-ci ildə institutda həyata keçirilən elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, beynəlxalq layihələr, ali təhsil müəssisələri ilə əməkdaşlıq və digər istiqamətdə görülən işlər haqqında məlumat verdi.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.