www.science.az
28.12.2017 14:20

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta”nın ortaq layihəsi davam edir

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Rusiyada nəşr olunan "Literaturnaya qazeta" ilə ortaq layihəsi çərçivəsində  “Azərbaycan – Turanın incisi” əlavəsinin altıncı sayı nəşr olunub.

“Dəyişikliklər dövrlərinin ədəbiyyatı” başlıqlı yazı ilə nəşr olunan bu say XVIII əsrdən başlamış XX əsrin əvvəllərinə qədərki realist və romantik poeziyamıza həsr edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihə alimin tanınmış ədəbiyyatşünas Abuzər Bağırovla birgə həmmüəllifliyi ilə həyata keçirilir.

Xatırladaq ki, Rusiyanın əsas ədəbiyyat nəşri olan "Literaturnaya qazeta" postsovet ölkələrində və rusdilli qlobal məkanda geniş oxunur. Azərbaycan ədəbiyyatını müasir rus oxucusuna daha geniş miqyasda təqdimi və təbliği baxımından layihənin böyük əhəmiyyəti vardır.

Akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” konseptual elmi tədqiqatının bazisində hazırlanan layihənin 6-cı nömrəsi XVIII əsr – erkən realizm dövrü ədəbiyyatı ilə başlayır. Ardınca XIX əsr Azərbaycan ədəbiyyatının maarifçi realizm dövründə klassik ənənənin yeni məzmunda davamçıları kimi yaşayıb-yaratmış Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əbülqasim Nəbati, Xurşudbanu Natəvan və Seyid Əzim Şirvani yaradıcılığına və nəinki Azərbaycan, hətta müsəlman Şərqində yeni epoxanın banisi Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətinə nəzər salınır.

XIX əsrin sonlarından etibarən Azərbaycan ədəbiyyatında cərəyan kimi təşəkkül tapan tənqidi realizm və romantizm haqqında məlumatlar və hər iki istiqamətin qüdrətli nümayəndələri olan Mirzə Ələkbər Sabir və Hüseyn Cavidin tərcümeyi-halları, əsərlərindən nümunələr bu sayda yer alıb. Eyni zamanda, Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar və onun “Heydərbabaya salam” poemasından parçalar da "Literaturnaya qazeta"nın oxucularına təqdim olunub.

Qəzetdəki şeirləri rus dilinə Konstantin Simonov, Pavel Antokolski, Siyavuş Məmmədzadə, Tatyana Streşneva, Vladimir Luqovskoy, Abram Plavnik və başqaları tərcümə ediblər. 

Ən qədim dövrdən başlayaraq görkəmli ədiblərimiz haqqında məqalə və onların əsərlərindən nümunələrin yer aldığı və “Literaturnaya qazeta”da 8 səhifəlik qəzet içində qəzet kimi nəşr olunan “Azərbaycan – Turanın incisi” Azərbaycan ədəbiyyatının dünyada təbliği baxımından əhəmiyyətli layihədir.

Növbəti sayda XX əsr sovet dövrü və müstəqillik mərhələsinin poeziyası oxuculara çatdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.