www.science.az
28.12.2017 09:13

Azərbaycan elminə ağır itki üz vermişdir

Tanınmış arxeoloq alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev  dekabrın 27-də 82 yaşında vəfat edib.

İlyas Babayev 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1959-cu ildə Azərbaycanın ilk arxeoloqlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasının çöl tədqiqatlarında iştirak etmişdir.

1962-ci ildə aspirantura təhsili almaq üçün Leninqrada (Sankt-Peterburqa) gedən İ.Babayev SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində dissertasiya işi ilə bağlı tədqiqatlar aparmış, eyni zamanda, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.Kolobovanın yanında qədim yunan dilini öyrənmişdir. O, 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik, 1983-cü ildə “Qafqaz Albaniyasının şəhərləri. (e. ə. IV - e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 1987-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri idi. Onun rəhbərlik etdiyi beynəlxalq statuslu Qəbələ arxeoloji ekspedisiyasında Cənubi Koreya, Almaniya və Gürcüstandan olan arxeoloqlar çalışmışlar.

İlyas Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə tanınmış mütəxəssis idi. O, 270-dən artıq elmi əsərin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Arxeoloq alim ali və orta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biri idi.

Professor İ.Babayev zəngin elmi fəaliyyətlə yanaşı, çoxillik pedaqoji təcrübəyə də sahib idi. O, ölkənin müxtəlif ali təhsil müəssisələrində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Azərbaycan tarixi”, “Avropa və Amerika tarixi”, “Azərbaycanda və Qafqazda sinifli cəmiyyət və dövlətin yaranması”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Antik dünya mədəniyyəti”, “Tarixi antropologiya”, “Ümumdünya dövlət və hüquq tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Roma hüququ”, “İslam hüququ” fənləri üzrə mühazirələr oxumuşdur.

Arxeoloq 2001-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2008-2009-cu illərdə Belçikada yerləşən beynəlxalq təşkilat İNTAS-ın tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eksperti, 2008-ci ildən Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü, 2010-cu ildən “AMEA-nın Xəbərləri”nin tarix, fəlsəfə, hüquq seriyasının Redaksiya Şurasının üzvü, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, 2013-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Dissertasiyaların Müdafiəsi Şurasının üzvü olmuşdur.

Şərəfli ömür yaşamış İlyas Babayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Professor İ.Babayev dekabrın 28-də saat 13:00-da Quba rayonu Xanəgah kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.