www.science.az
27.12.2017 09:00

“Azərbaycan teatr ensiklopediyası”nın təqdimatı keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor İlham Rəhimlinin müəllifi olduğu “Azərbaycan teatr ensiklopediyası” üçcildliyinin təqdimatı keçirilib.

Layihənin rəhbəri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi nazir müavini Ədalət Vəliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğludur. Redaksiya heyətinə respublikanın tanınmış elm və mədəniyyət mütəxəssisləri daxildirlər.

Tədbirdə Ə.Qarayev çıxış edərək kitabın Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən hazırlandığını bildirib. Azərbaycan meydan teatrının iki min ildən çox yaşı olduğunu deyən nazir kitabda xalq teatr tamaşalarından tutmuş müasir səhnə sənətimizədək çoxlu elmi məlumatın yer aldığını qeyd edib. Bildirib ki, akademik meyarlar əsasında yaradılan bu ensiklopediya incəsənətin müxtəlif sahələrində çalışanlar üçün böyük əhəmiyyətə malikdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək milli teatrımızın inkişaf tarixindən danışıb. Bildirib ki, ensiklopediya uzun müddət teatr işi ilə məşğul olan insanların fəaliyyətinə nəzər salır, ciddi elmi-tarixi və nəzəri-estetik materialları özündə əks etdirir. Alim qeyd edib ki, nəşrdə hər bir teatr xadimi haqqında verilən məlumatda həm tarixi aspekt, həm də onların xidmətlərinə müəllifin özünəməxsus yanaşma tərzi əksini tapıb.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək kitabın milli teatrımızın gələn il qeyd ediləcək 145 illiyinə layiqli töhfə olduğunu vurğulayıb. Akademik 1873-cü ildə əsası qoyulan milli teatrımızın Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinski kimi aktyorların zəhməti sayəsində inkişaf edərək yüksək mərhələyə çatdığı deyib. O, kitabda teatrımızın keçdiyi yolun tam mənzərəsinin əks olunduğunu söyləyib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov çıxış edərək kitabın nəşrini bu peşəyə minnətdarlıq kimi dəyərləndirib və hər məqalənin müəllifin böyük zəhmətinin, gərgin əməyinin, geniş tədqiqat işinin bəhrəsi olduğunu qeyd edib.

Sonda professor İ.Rəhimli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.