www.science.az
27.12.2017 07:10

“Zəngəzur” sənədli filminin təqdimatı keçirilib

Dekabrın 26-da "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan, rus və ingilis dillərində istehsal etdiyi "Zəngəzur" sənədli filminin təqdimatı olub.

Film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA-nın Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Hökumət rəsmiləri, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və gənclər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə, həmçinin mərkəzin istehsalı olan "Qubadlı" 3D qrafik təsviri filmi, "Qarabağın xalçaları" elektron albomu və qurumun yeni funksional portalı da təqdim olunub.

Mərasimdə mərkəzin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək Zəngəzur mahalının Azərbaycanın tarixi torpağı olması haqqında faktların dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmağın sənədli filmin əsas məqsədi olduğunu bildirib.

O, filmdə Zəngəzurda azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə Zəngəzurda baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, ermənilərin törətdiyi qırğınlardan, mahalın mədəni irsindən və görkəmli şəxsiyyətlərindən bəhs olunduğunu söyləyib: "Zəngəzur ərazisi bu gün Ermənistanın işğalı altında olan Laçın, Qubadlı, Zəngilan rayonlarının, eləcə də Qarakilsə, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir. Bu ərazilərdə hər addımda qədim "Oğuznamə"lərdə və "Kitabi-Dədə Qorqud" dastanında rast gəlinən yer-yurd adlarını görmək olar".

N.Mehdiyev Zəngəzur haqqında əhatəli və 3 dildə sənədli filmin ilk dəfə hazırlandığını və xarici dillərin orijinallığının onun dünyaya yayılmasını asanlaşdırdığını deyib.

Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək 2013-cü ildən etibarən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq etdiklərini bildirib. A.Rəhimov Azərbaycan bayrağının gec-tez Qarabağda yenidən dalğalanacağını və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini deyib. O, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bunu deməyə əsas verdiyini söyləyib.

Tədbirdə "Zəngəzur" filminin baş məsləhətçisi, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək ekran əsərinin ideoloji savaş baxımından önəmli olduğunu bildirib. Y.Mahmudov ermənilərin Cənubi Qafqazın aborigen xalqı olmadığını və Çar Rusiyası dövründə I Pyotr tərəfindən bu regiona köçürüldüklərini söyləyib. Ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırımları xatırladan akademik qeyd edib ki, Şaumyan, Andranik Ozanyan, Nijde və digər qəddar erməni vandallarını xalqımız tanımalı, onların əməllərini heç bir zaman unutmamalıdır. Akademik bu gün Ermənistan Respublikasının Azərbaycanın tarixi torpaqları üzərində qurulduğunu söyləyib və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının önəminə toxunub.

Tarixini unudan xalqların məhvə məhkum olduğunu deyən alim Azərbaycan gəncliyini keçmişimizə sahib çıxaraq gələcək nəsillərə ötürməyə çağırıb.

Mərasimdə, həmçinin "Qubadlı" 3D qrafik təsviri filmi də təqdim olunub. Azərbaycan və ingilis dillərində təqdim olunan filmdə Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə tamaşaçıya çatdırılır.

Bundan əlavə, "Qarabağın xalçaları" elektron albomu da təqdim edilib. Albomda məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotolar öz əksini tapır. Layihənin elmi məsləhətçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tərtib edəni isə muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.