www.science.az
26.12.2017 17:11

Ədəbiyyat Muzeyində Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunan tədbir keçirilib

Dekabrın 26-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illik yubileyinə həsr olunan “Bülbül və Azərbaycan poeziyası” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə iştirakçılar Qarabağın tarixini və ədəbi mühitini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov elmi sessiyanın Prezident İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 11 may tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləyib.

“Sözün və musiqinin sərrafı” mövzusunda məruzə ilə çıxış edən akademik R.Hüseynov bildirib ki, böyük sənətkar Bülbül Azərbaycan mədəniyyəti tarixində müstəsna xidmətlər göstərib, dünya musiqi sənətinə parlaq səhifələr yazıb.

Yaratdığı koloritli obrazlarla ölməz musiqi və söz nümunələrini yaşadan Bülbül məktəbinin bu günün milli-mədəni tərəqqisində mühüm rolunu qeyd edən akademik R.Hüseynov görkəmli sənətkar haqqında dəyərli və sanballı əsərlərin yazılmasının zəruriliyini vurğulayıb. Bidirib ki, Azərbaycan folklorunun, xalq ədəbiyyatının gözəl bilicisi olan Bülbülün bir sıra folklor nümunələrimizin milli musiqimizə gətirilməsində böyük rolu olub.

Artıq neçə ildir Ermənistanın Azərbaycanın torpaqlarına, mədəni sərvətlərinə işğalçı təcavüzünün davam etdirdiyini deyən muzeyin direktoru bildirib ki, müharibə minlərlə milli-mədəni irs nümunəsinin düşmən qüvvələri tərəfindən dağıdılmasına və talan olunmasına səbəb olub. Bunların sırasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialında toplanan yüzlərlə nadir sənət incisi, rəsm əsəri, xalça, miniatür, xatirə əşyaları və arxeologiya nümunələri də vardır.

Daha sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının əmkdaşlarının bu vəhşiliyə, vandalizmə qarşı etirazını dünya muzeylərinə çatdıran müraciəti səsləndirilib.

Elmi sessiyada Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarovanın “Bülbülün həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. F.Cabbarova milli musiqi mədəniyyətimizin inkişafında, tədqiqində və təbliğində Bülbülün misilsiz xidmətlərindən söz açıb, sənətkarın xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını vurğulayıb.

Tədbir çərçivəsində Bülbülün həyatından bəhs edən sənədli film göstərilib və görkəmli sənətkarın ifasında lent yazıları səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.