www.science.az
26.12.2017 11:25

Dünya Azərbaycanlılarının Həmrəylik Günü AMEA-da qeyd edilib

AMEA-nın Elm Tarixi İnstitutunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Dünya azərbaycanlıları: həmrəylik və vəhdətin təntənəsi” mövzusunda tədbir keçirilib.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli iştirakçılara ümummilli həmrəylik bayramının yaranma tarixi barədə məlumat verib.  Qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının ən ağır və keşməkeşli dövründə soydaşlarımızın ümumi bir məfkurə ətrafında birləşdirilməsinin vacibliyini nəzərə alaraq, 1991-ci il dekabr ayının 16-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə tarixi qərar verib. Bu bayram Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız arasında mənəvi tellərin möhkəmləndirilməsi, xaricdəki azərbaycanlıların icma kimi fəaliyyəti və diaspor kimi təşkilatlanması, azərbaycançılıq məfkurəsinin yaşadılması və nəsildən nəslə ötürülməsi üçün xüsusi əhəmiyyət daşıyır.

Daha sonra institutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Azərbaycan lobbisi və diaspor fəaliyyəti” mövzusunda məruzəsini təqdim edib. “Müasir dövrdə Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılması və bugünkü yüksək səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir” – deyən Z.Əliyev bildirib ki, ölkəmizin uğurlu diaspora siyasəti lobbiçilik fəaliyyəti üçün əhəmiyyət kəsb edir.

“31 dekabr - azərbaycanlıların ümumdünya birlik günüdür” mövzusunda məruzə ilə çıxış edən institutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli deyib ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycan dünya birliyi ilə sıx əlaqələr qurmağa müvəffəq olub. Məruzəçi bildirib ki, 31 dekabr dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların milli birlik, həmrəylik günü olduğu üçün soydaşlarımız tərəfindən əlamətdar bayram kimi qeyd edilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.