www.science.az
26.12.2017 10:39

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 50-ci kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yubiley nəşri - 50-ci kitabı çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu nəşr 2012-ci ilin fevral-aprel aylarını əhatə edir.

Yubiley kitabı Prezident İlham Əliyevin Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı mərasimində iştirakına dair materialla başlayır.

Bu cilddə dövlət başçısının Koreya Respublikasına işgüzar səfəri, Seulda Nüvə Təhlükəsizliyi Sammitində nitqi, Çexiyaya dövlət səfəri, həmçinin Polşa, Gürcüstan, Xorvatiya və Qırğız prezidentlərinin Azərbaycana səfərləri zamanı aparılan danışıqlar, enerji və qeyri-neft sektorunda əməkdaşlığa dair imzalanan müqavilələr, sazişlər barədə materiallar toplanılıb.

Yubiley nəşrinə Azərbaycan Prezidentinin Türkiyə, Latviya, Serbiya, Rumıniya, Pakistan, Argentina, Malayziya, Çili, Rusiya, Niderland, Fransa, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Dünya Gömrük Təşkilatı, Dünya Bankı və digər nüfuzlu qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da daxil edilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirlərin, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin "Beyin mərkəzləri"nin III Forumunun, II İqtisadi siyasət Forumunun, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının, XV Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına müraciətləri, təbrikləri, məktubları, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə, eləcə də Türkiyənin TRT televiziya kanalına müsahibəsi, mətbuata bəyanatları yer alıb.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin ölkəmizin cənub bölgəsinə - Astara, Masallı, Salyan, Qazax, Ağstafa, Tovuz rayonlarına səfərlərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla, habelə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqi ilə də tanış olmaq mümkündür.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

Qeyd edək ki, “Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) materiallarından istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.