www.science.az
18.03.2014 00:00

İran səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Şərqşünaslıq İnstitutunda olub

Bu gün AMEA Şərqşünaslıq İnstitutunda İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri İbrahim İbrahimi ilə görüş keçirilib. Məqsəd ölkəmizdə iranşünaslıq sahəsində aparılan tədqiqatlarla yaxından tanış olmaq və qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etmək idi.

İnstitutun direktoru, millət vəkili, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva və direktor müavini, tarix üzrə elmlər doktoru Şahin Mustafayevləgörüşən İ.İbrahimi rəhbərlik etdiyi təşkilatla Şərqşünaslıq İnstitutu arasındakı əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

G.Baxşəliyeva qonağa institutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib və iki təşkilat arasında mövcud elmi əlaqələrdən söhbət açıb.

Görüşdə Azərbaycan və İranda birgə elmi tədbirlərin təşkili, alimlərin təcrübə mübadiləsi, elmi nəşrlərin hazırlanması və s. istiqamətdə əməkdaşlığın aparılması məsələləri müzakirə olunub.

Sonra İ.İbrahimi Şərqşünaslıq İnstitutunun kitabxanası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.