www.science.az
25.12.2017 16:06

Coğrafiya İnstitutunun illik fəaliyyətinə dair hesabatı dinlənilib

Dekabrın 25-də AMEA-nın Əsas binasında Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı dinləniləcək. 

Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi qurumun illik hesabatını təqdim edib. O, cari ildə institutda elmi-tədqiqat planına uyğun olaraq, 20 mərhələ üzrə iş aparıldığını diqqətə çatdırıb. "Tədqiqatlar Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi üzrə aparılıb" - deyən alim bildirib ki, bu problemlərə dair icra olunan 17 mövzudan 12-si fundamental və beşi tətbiqi əhəmiyyətlidir. Bu işlər, əsasən su ehtiyatlarının müasir vəziyyətinə, iqlim dəyişmələrinə, regionların iqtisadi-coğrafi və demoqrafik problemlərinə, turizm fəaliyyətinin öyrənilməsinə, respublika əhalisinin həyat keyfiyyətinin müasir vəziyyətinin təhlilinə, Azərbaycanın coğrafi obyekt adlarının tədqiqinə və s. məsələlərə həsr olunub.

Diqqətə çatdırılıb ki, institutda aparılan tədqiqatlara əsasən iki mühüm nəticə əldə edilib. İlk dəfə Azərbaycan ərazisində təbii rütubətlənmə şəraitində əmələ gəlməsi mümkün olan landşaft xəritəsi ilə hazırda mövcud olan landşaftların rəqəmsal xəritələri müqayisə və təhlil edilib, landşaftların tarixi dövr ərzində antropogen transformasiya indeksləri hesablanıb. İlk dəfə Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar işlənilib, sərhəd göstəricilər müəyyənləşdirilib, bu dalğaları şərtləndirən sinoptik proseslər, eyni zamanda, onların təkrarlanması və davamiyyəti araşdırılıb.

R.Məmmədov qeyd edib ki, bu il Coğrafiya İnstitutunun Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə elmi-tədqiqat sahəsində anlaşma memorandumu imzalanıb. Nəticədə respublikanın 51 inzibati rayonunun iqlim şəraiti haqqında məlumatlar toplanılıb.

Cari ildə institutun tərkibində “Wiki” qrup fəaliyyətə başlayıb. Qrup tərəfindən “Vikipediya”nın Azərbaycan dilli bölməsinə ümumilikdə sırf coğrafiyayönümlü 7.234 məqalə yüklənilib.

Sonda akademiklər Hətəm Quliyev, Arif İsmayılzadə, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov və digərlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.