Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.12.2017 10:30
  • A-
  • A
  • A+

AMEA-da Beynəlxalq Ərəb Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ərəb Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Ərəb Dili Günü münasibətilə tədbir keçirilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə beynəlxalq aləmdə ərəb dilinə xüsusi rəğbət göstərilməsindən, bu dildə bədii nümunələrin, xəttatlıq sənətinin inkişafından söhbət açılıb.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə mütəmadi əməkdaşlıq etdiyini söyləyib. O, AMEA-nın təsisçilərinin kitabxanada qoyulmuş büstlərinin altyazısındakı mətnlərin mərkəzin rəhbəri Əhməd Sami Elaydi tərəfindən ərəbcəyə tərcümə olunduğunu diqqətə çatdırıb.

Əhməd Sami Elaydi isə çıxışında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına ərəb dilinin yardım etdiyini bildirib. Mərkəz direktoru ərəb dilinin İslam aləmindəki əhəmiyyəti, dilin zənginliyi barədə geniş məlumat verib. Qeyd edib ki, ərəb dilinin Quran dili olması ona şöhrət gətirən başlıca amildir.

Misirin Süveyş Kanalı Universitetinin Ərəb dili ədəbiyyatı üzrə professoru Əbdül Rahim Əl-Kurdi çıxışında bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatına əlavə edildikdən sonra dünya vətəndaşları tərəfindən onun öyrənilməsinə tələbat artıb. 

Tədbirdə məşhur Misir xəttatı Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: