www.science.az
18.03.2014 00:00

Xalq rəssamı, professor Fuad Salayevin 70 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə Azərbaycanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, görkəmli ziyalılar, incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadəgörkəmli rəssamın şərəfli ömür yolundan, zəngin yaradıcılığından geniş söhbət açıb, yubilyarı 70 illiyi münasibətilə təbrik edib.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzəyevanın “Fuad Salayevin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib.

Professor F.Salayev 1964-cü ildə Ə.Əzimzadə adına məktəbi bitirmiş, bir il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, altı il isə Surikov adına Moskva Dövlət Bədii Universitetində təhsil almışdır. Cəlal Qaryağdı kimi görkəmli heykəltaraşın yetirməsi olan F.Salayev 1962-ci ildə “Məişətdə sənət” adlı respublika sərgisində “Leyləklər” əsəri ilə iştirak etmişdir. Moskvada təhsilini bitirdikdən sonra məhsuldar yaradıcılıq yolu keçmiş sənətkarın ən gözəl əsərlərindən biri də 1972-ci ildə M.Muxtarovun şəhərkənarı bağında görkəmli rus şairi S.Yeseninin xatirə lövhəsi olmuşdur. 1975-ci ildən Rəssamlar İttifaqının üzvü seçilmiş, Lenin komsomolu mükafatının laureatı olmuşdur.

Heykəltaraş ümumilli lider Heydər Əliyevin 3 heykəlini hazırlamışdır. Bəstəkar Qara Qarayev, akademik Yusif Məmmədəliyevin xatirə lövhələri və s. Fuad Salayevin yaradıcılıq məhsuludur.

F.Salayev 1982-ci ildən İncəsənət İnstitutunun heykəltaraşlıq kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

Tədbirdə memarlıq üzrə fəlsəfə doktoru Fərhad Mollazadənin “Fuad Salayevin heykəlləri şəhər mühitində”, Emin Ələkbərovun “Heykəltaraş F.Salayevin yaradıcılıq yolu” adlı məruzələri də maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.