www.science.az
22.12.2017 09:14

Həssas insan

Həkim peşəsi böyük hünərdir; bu peşə  fədakarlıq, qəlbin və düşüncələrin saflığını tələb edir.

A.P.Çexov

Şəxsi ad və soyadlar insanları bir-birindən ayırmaq üçün düşünülüb, bu adları daşıyan insanların çox az faizi cəmiyyətdə yalnız fərdi adları ilə deyil, həmçinin, həyatlarında gördükləri işlərlə tanınır. 

Çox vaxt hər-hansı bir həkimdən söhbət gedəndə biz onun ad-soyadını deyil, sadəcə "doktor" sözünü eşidirik, bu da ali elmi dərəcə yox, həyatı boyu başqa insanların həyatlarının keşiyində duran insan deməkdir. Tibbin vəzifəsi vətəndaşların sağlamlığı və rifahını qorumaq olsa da, həkimlərin sayı əhalinin sayına mütənasib olaraq çoxalsa da, yüksək "doktor" adına hətta bacarıqlı peşəkarların hamısı layiq görülmür. Həkimlik etdikləri zaman ərzində hamı "tibbin atası" sayılan Hippokratın həkimlərin davranış qaydalarında müəyyənləşdirdiyi mənəvi-etik prinsiplərə sadiq qala bilmir.

Belə bir fikir var ki, bədxassəli şişin formasının xərçəng sinfinə aid olan heyvanla oxşarlığını görən Hippokrat bu xəstəliyi "xərçəng" adlandırıb, karsinoma (qədim yunan dilində "krab", "yengəc") haqqında ilk qeydlərə isə e.ə. 16-cı əsrə aid olan Qədim Misir papirusunda rast gəlmək olar. Burada deyilir ki, bu xəstəlikdən qurtulmaq qeyri-mümkündür. Bəlkə bu yunan, sözügedən xəstəliyi vizual oxşarlığa görə belə adlandırmayıb? Bəlkə bu ad işarə edir ki, xəstəliyin müalicəsizliyi bəşəriyyəti məhkumluq qarşısında xərçəng kimi geri çəkilməyə vadar edir? Təbii ki, bu hökmdən sonra bu "müalicəsi olmayan" xəstəliyə düçar olanları sağaltmağa yalnız tibb fədailəri müalicə etməyə çalışıb və çalışır. Bu, tez uğur qazandırmayan işə baş qoşanların tibbi təcrübəsində qızılgüllərindən daha çox tikanlara rast gəlmək olar. Bəşəriyyətin təcrübəsi yalnız bir dəfə əldə edilmir, bu təcrübə mütəmadi olaraq təkmilləşir və ev kimi, təməlindən başlayaraq qurulur və qədim misirlilərin düşündüyü kimi çarəsi olmayan xəstəliyin müalicəsini kim öz üzərinə götürürsə, "sağlamlıq" adlanan evin təməlinə öz kərpicini qoyur. Şübhəsiz ki, məhz bu cür fədakar həkimlərin səyləri sayəsində təbii çiçək xəstəliyi kimi xərçəng üzərində də qələbə çalınacaq.

Bu cür həkimlərdən biri də bizim müasirimiz, akademik Əhliman Əmiraslanovdur. Həyatının növbəti çağına o, tanınmış və cəmiyyətdə dərin hörmət qazanmış bir alim, təkcə elmlər akademiyamızın deyil, həmçinin, Rusiya və Polşa akademiyalarının da həqiqi üzvü, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, orden və medallarla təltif olunmuş insan kimi qədəm qoyub. O, Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, uzun illərdir ki, Milli Məclisin deputatıdır və son çağırışda Milli Məclisinin Səhiyyə komitəsinin sədri seçilməsi ilə ölkənin "baş həkimi" statusunu alıb. Bütün sadalananlar keçmiş SSRİ-nin və müstəqil respublikamızın dövləti və elmi ictimaiyyəti tərəfindən çoxillik həkim əməyinə verilən obyektiv qiymətdir. Əhliman Əmiraslanov yüzlərlə həyat xilas edib, minlərlə insanda ən qorxunc diaqnozun belə hökm olmadığına əminlik yaradıb, hər uğurlu əməliyyat vasitəsilə danılmaz həqiqəti - "yaşamağa, lakin hər gün başqalarının həyatı üçün mübarizə aparan insan layiqdir" sübut edib. Lakin yuxarıda qeyd olunanlar görkəmli alim, elm təşkilatçısı, pedaqoqun tərcümeyi-halının yalnız görünən tərəfləridir.

Əksər hallarda cərrahi əməliyyatın nəticələrini gözləyərək cərrahın özünün fiziki və psixoloji vəziyyətinin nə yerdə olduğu haqda düşünməyən xəstələrin yaxınları və qohumlarından fərqli olaraq bu kiçik qeydlərimizdə biz, şəxsi müşahidə və qısa söhbətlər əsasında həkim və alimin porterini yaratmağa, ilk baxışdan hamar və yalnız yüksəkliyə doğru gedən ömür yoluna nəzər salmağa cəhd edəcəyik. Özümüzə sual verək: həyat boyunca dörd dəfə yenidən başlanmalı olan yol hamar ola bilərmi?

Əhliman Əmiraslanovun dünyaya göz açdığı vətən keçən əsrin əvvəllərində inqilab eyforiyası və "qardaşlıq yardımı" coşqusu zamanı İrəvan quberniyası torpaqlarında yaradılan Ermənistan Respublikasına verilmiş Basarkeçər rayonudur. Bu rayonun Zod kəndindəki orta məktəbi qızıl medalla bitirib Bakıda Dövlət Tibb İnstitutuna daxil olaraq o, ikinci vətənini tapır. Lakin bir neçə ildən sonra Əhliman Əmiraslanov yenidən qeydiyyatını dəyişməli olur, Bakıda yiyələndiyi bilik və bacarıqları təkmilləşdirmək üçün o, bu dəfə paytaxt Moskvaya gəlir, Ümumittifaq Onkoloji Elmi Mərkəzinə, görkəmli sovet alimi, akademik Nikolay Trapeznikovun rəhbərliyi altında çalışır. Məhz burada alim adi əsgərdən generaladək yol keçir, aspirantdan tutmuş Dayaq-hərəkət aparatında şiş əmələ gələn xəstələrin reabilitasiya və müalicəsi üzrə Ümumittifaq məktəbin rəhbərinədək yüksəlib. Məhz burada o, dünya şöhrəti qazanır ki, bunu Avropa ölkələri və ABŞ-da oxuduğu elmi mühazirələr təsdiq edir. Məhz burada onun xidmətləri SSRİ Dövlət mükafatı ilə qiymətləndirilir. Müəllimi Nikolay Nikolayeviç Trapeznikovun verdiyi qiymət isə Əhliman Əmiraslanov üçün mükafat qədər əhəmiyyətlidir: "Moskvada işlədiyi müddət ərzində Əhliman Əmiraslanovun əldə etdiyi nəticələrin böyük hissəsi olduqca qiymətli və SSRİ-də ilk dəfə alınmış elmi nəticələr idi.  Bu nəticələr xarici alimlərin bu sahədə əldə etdiyi elmi nəticələri ya qabaqlayırdı, ya da tamamlayırdı". Görəsən, dünyanın altıda bir hissəsinin elmi ictimaiyyəti arasında, akademik Trapeznikovun dediklərini nəzərə alsaq isə hətta daha böyük miqyasda özünütəsdiq üçün daha nə lazımdır?

Lakin o vaxtlar Qafqazda baş verən hadisələr, azərbaycanlıların öz tarixi vətənindən deportasiyası, müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycanın üzərində asılan təhlükə - bütün bunlar Əhliman Əmiraslanovu artıq məskunlaşdığı yerdən çıxaraq yenidən Bakıya qayıtmağa vadar etdi.

90-cı illərin Bakısı isə artıq iyirmi il bundan əvvəl onun qoyub getdiyi sakit və dinc şəhər deyildi. Şəhər coşurdu, bitib-tükənməyən tətil və mitinqlər içində boğulurdu. Həmişəki kimi, bu hadisələrdə əsas rolu cəmiyyətin ən fəal təbəqəsi olan tələbə gənclər oynayırdı. Bu cür gərginlik ocaqlarından biri də professor Əhliman Əmiraslanovun rəhbər təyin edildiyi Tibb universiteti idi. O, ölkənin əsas ali təhsil müəssisələrindən birini normal axına qaytarmalı, ərazi bütövlüyü uğrunda mübarizədə həkimin əlindəki cərrah bıçağının əsgərin əlindəki silahdan heç də az əhəmiyyət kəsb etmədiyinə gəncləri inandırmalı idi. Təxminən 25 il akademik Əmiraslanov özünün ilk dəfə uzaq 1965-ci ildə qəlbində ümid, əlində qızıl medalla qədəm qoyduğu ali təhsil müəssisəsinə rəhbərlik edib ki, onun rektorluq xeyir-duasıyla gələcəyin neçə-neçə həkimi bu məkanı böyük həyata qədəm qoyaraq tərk edənlərin sayı yalnız statistikaya məlumdur, onların nə qədər insanı xilas etməsi, sağaltmağı, normal həyata qaytarmağı haqqında isə heç kim bilə bilməz. Şübhəsiz ki, bu həkimlərin əksəriyyəti Hippokratın andına uyğun olaraq onlara həkimlik sənətini öyrətmiş insanlara valideynləri qədər sayğı göstərməyi üzərilərinə götürüb, və bu müəllimlərdən biri də akademik Əhliman Əmiraslanovdur.

P.S. Qədim rəvayət var: bir hökmdar iki oğluna pul verərək onlara hakim olduqları bütün bölgələrin hərəsində bir ev tikməyi tapşırır və bir ildən sonra oğullarının müşayiəti ilə həmin ərazilərə gedir. Görür ki, oğlanlarından biri onun əmrinə birbaşa əməl edərək hər bölgədə bir ev ucaldıb, lakin hökmdar bu evlərin heç birində qalmaq istəmir, çünki burada insanlar   yaşamır, bu evlər insan nəfəsilə isinməyib. Digər oğul isə əksinə, heç bir ev tikməmiş, lakin hər yerdə dost qazanıb və səfər zamanı bu dostların hamısı ona öz qonaqpərvərliyini nümayiş etdirərək evlərinə dəvət edir.

Şübhəsiz ki, həkim Əmiraslanovun çalışdığı uzun illər ərzində köməklik göstərdiyi, ümid verdiyi hər kəs də ona qarşı böyük qonaqpərvərlik göstərəcək. Onun müalicə etdiyi insanların  ev və mənzillərindən başqa bu, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə ucaldılan Azərbaycan Tibb Universitetinin tədris binası, Stomatoloji, Onkoloji, Tədris Cərrahiyə klinikalarıdır.

Gözəl cərrah və alim Əhliman Tapdıq oğlu Əmiraslanov haqqında hekayəm xasiyyətinin əsas cəhəti qeyd edilməsə natamam olar. O, həkim üçün başlıca xüsusiyyət sayılan başqasının ağrısına qarşı həssas, xeyirxah insandır.

Zülfüqar Fərzəliyev, Əməkdar incəsənət xadimi

525-ci qəzet