www.science.az
21.12.2017 09:44

Misirli alimlər Əlyazmalar İnstitutunda olublar

Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdülrəhim əl-Kurdi və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun məşhur xəttatı Məhəmməd Öməri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara müəssisənin beynəlxalq əlaqələrindən danışılıb, “İslam Həmrəyliyi İli” çərçivəsində institutda həyata keçirilən layihələr barədə məlumat verilib.

Sonra professor Əbdülrəhim əl-Kurdi çıxış edərək tədbir iştirakçılarına əlyazmalar və onların spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. O, bəşəriyyətin əlyazmalarla bağlı şifahi, yazılı və danışıqdan ibarət üç mərhələdən keçdiyini qeyd edib. Alim ərəb-islam mədəniyyətinin ərəb əlyazmalarının qorunub saxlanmasında mühüm rola malik olduğunu bildirib.

Daha sonra çıxış edən Məhəmməd Öməri əlyazmaşünas alimləri qədim sivilizasiyaları qoruyan qəhrəmanlar adlandırıb. O, Qurani Kərimin dörd nüsxədən ibarət əlyazmasını köçürdüyünü söyləyib və həmin əlyazmadan nümunəni instituta bağışlayıb.  

Sonda qonaqlar Ekspozisiya zalında əlyazma nüsxələri, xəttatlıq və miniatür nümunələri ilə tanış olub, institutun xatirə kitabına ürək sözlərini yazıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.