Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.12.2017 12:57
  • A-
  • A
  • A+

Düşünən və yaşayan heykəltəraşlıq

Düşünən və yaşayan heykəltəraşlıq

Rəssamlıq - təsviri sənətin möhtəşəm rəngarəng eskizidir...

Ədəbiyyat - söz sənətidir...

Musiqi - incəsənətin ruhudur...

Heykəltəraşlıq - təsviri sənət sahələrinin hamısının üzvi sintezidir, vəhdətidir...

Rəssamların yağlı boya və ya qrafika ilə yaratdığını, yazıçı və şairlərin bədii sözün imkanları vasitəsilə, bəstəkarların notların dili ilə ifadə etdiklərini heykəltəraş daşla, tuncla, qranitlə həll etməlidir. 

Xalq rəssamı, akademik Ömər Eldarovun heykəltəraşlıq əsərləri geniş mənada qranitdən yonulmuş incəsənətdir...

Onun heykəllərində incəsənətin bütün əsas sahələrinin orijinal cizgilərini, fərqli bədii ifadəsini tapmaq olar. 

Ömər Eldarovun heykəlləri - təsvir olunan şəxsiyyətin və ya hadisənin daşla ifadə edilən rəsmidir... Ömər Eldarovun heykəlləri - Azərbaycan heykəltəraşlıq sənətinin qaval daşıdır... Bu heykəllərin bətnində - “mətnində” dərinlikdən gələn bir səs, hənirti hiss olunmaqdadır... 

Ömər Eldarov - Azərbaycan heykəltəraşlıq sənətinin canlı heykəlidir... 

Ömər Eldarov - yaşayan heykəltəraşlıq abidəsidir... 

Ömər Eldarov obrazın daxili aləmini ifadə edəndə rəssam, portretlərin fiqurunu quranda heykəltəraş, onların ümidsizlik və etirazlarını əks etdirəndə vətəndaş-filosof kimi çıxış edir. Ona görə də mahir heykəltəraşın kompozisiyaları tam halda ifadəli, təsirli görünməkdən başqa, həm də ictimai məzmunlu bir fikri mənalandırır. 

Bu qəbildən olan ağacdan yonulmuş “Dəniz neftçiləri” kompozisiyasında (1964) insanın dözümü və iradəsi heykəltəraşlıq dili ilə bənzərsiz şəkildə ifadə olunmuşdur. Bu cəhətdən heykəltəraş Ömər Eldarovla rəssam Tahir Salahovun yaradıcılıq mövqeyi ideya-sənətkarlıq, xüsusən də mövzunun bədii həlli baxımından yaxındır. Əslində, həmin yaxınlıq bu qüdrətli sənətkarların hər ikisinin sənətdə əsaslandıqları əsas prinsipin - sərt realizm yaradıcılıq metodunun daxili məntiqindən gəlmişdir. 

Sovet hakimiyyəti illərində sosialist realizmi yaradıcılıq metodunun tələb etdiyi nikbin əhval-ruhiyyənin əksinə olaraq, Tahir Salahov və Ömər Eldarov həyatın, insan talelərinin gərginliklərini diqqət mərkəzinə çəkmişlər. Bu məqamda görkəmli sənətkarları mövzunun aktuallığı və müasirliyi (“Gənc qvardiya” qorolyefində, yaxud “Dəniz neftçiləri” kompozisiyasında və ya “Dəniz neftçiləri” oymasında olduğu kimi) xilas etmişdir. Əslində isə mövzusunun aktuallığı baxımından sosialist realizmi yaradıcılıq metodu ilə səsləşən kompozisiyalı heykəllərində Ömər Eldarov mahiyyət etibarilə sosializm cəmiyyətindəki çətinliklərlə üz-üzə qalan, dərin sarsıntılar keçirən, mərd, dözümlü insanların ən çətin anlarda da ümidlərini itirmədiklərini böyük ustalıqla, məharətlə ifadə edə bilmişdir. 

Bu mənada, xarici mətbuatda işlədilən “sərt realizm” təyinatı sosialist realizminin təzahür formalarından biri kimi yozularaq, müəllifinin cəmiyyətin irəliyə doğru inkişafındakı maneələri göstərərək sabaha ümidlə baxması ampluasında mənalandırılmışdır. 

Əsl həqiqətdə Ömər Eldarov süjetli heykəltəraşlıq əsərləri ilə Azərbaycan xalqının keçdiyi əzablı yolların epopeyasını yaratmışdır. 

Bu mənada o, ideoloji mahiyyətinə görə yox, tam əksinə, sənətdə tutduğu çətin və bənzərsiz mövqeyi etibarilə XX əsr monumental heykəltəraşlıq sənətinin “gənc qvardiya”sını təmsil etmişdir. 

Ömər Eldarovun demək olar ki, əksər heykəlləri özünəməxsus süjetə və kompozisiyaya malikdir. Mahir heykəltəraş tişə ilə yaratdığı obrazların, yaxud tarixi xidmətlərini əks etdirdiyi şəxsiyyətlərin, diqqət mərkəzinə çəkmək istədiyi detalların münasib formada yerləşdirməsi ilə düşünən heykəl ətrafında yorulmaz və ciddi yaradıcılıq əməliyyatları aparır. 

Bu mənada, heykəl kompleksi həm də maarifçilik missiyasını həyata keçirir. Hətta görkəmli heykəltəraşın bir sıra heykəlləri abidə ansamblı kimi təqdim olunur. Tacikistandakı Sədrəddin Ayni və Bakıdakı Əzim Əzimzadə heykəlləri doğru olaraq janr baxımından abidə-ansamblı adlandırılmışdır. Bu abidələrin ətrafında həmin sənətkarların yaradıcılıq ideallarını, sənət dünyasını əks etdirən heykəl fiqurları mütənasib şəkildə yerləşdirilərək həm təqdim olunan görkəmli şəxsiyyətin çoxcəhətli fəaliyyətini, həm də onun yaşadığı mühitin zəruri detallarını tamaşaçıya çatdırır. Beləliklə, heykəl şəxsiyyətin deyil, zamanın abidəsi statusunu yerinə yetirir. Bu mümkün olmadığı hallarda isə Ömər Eldarov Məhəmməd Füzuli heykəlində olduğu kimi, süjeti abidənin pyedestalında əks etdirir. 

Bu mənada, Ömər Eldarov Azərbaycan heykəltəraşlığına barokko əlamətləri əlavə etmiş, milli heykəltəraşlıq sənətini düşündürücü detallarla daha da zənginləşdirmişdir. 

***

Xalq rəssamı Ömər Eldarov Azərbaycan monumental heykəltəraşlığında görkəmli siyasi və ədəbi şəxsiyyətlərin özünəməxsus heykəllərini yaratması ilə səciyyələnir. 

Düşüncə Ömər Eldarovun şəxsiyyət heykəllərinin xarakter sənətini müəyyən edir. Onun heykəlləri düşünən, mütəfəkkiranə heykəllərdir. 

Məlum olduğu kimi, Azərbaycan heykəltəraşlığında dinamik (əl hərəkəti qabarıq olan), statik (pasport şəkli kimi) və monumental (əzəmətli) obrazlar yaratmaq ənənəsi geniş yer tutur. Milli heykəltəraşlıq sənətində düşünən heykəltəraşlıq üslubunun məxsusi bir istiqamət səviyyəsinə çatdırılması məhz Ömər Eldarovun adı ilə əlaqədardır. 

Ömər Eldarovun ilk heykəllərindən olan əsərini “Şairə Natəvanın portreti” adlandırması (1955) onun müraciət etdiyi obrazı xarakterik portret cizgiləri ilə birlikdə ifadə etmək qayəsinin ifadəsidir. İstedadlı heykəltəraş Xurşidbanu Natəvanın şairəlikdən gələn lirizmi ilə oğlunun cavan yaşlarında vəfat etməsindən doğan kədərini üzvi surətdə, əlaqəli şəkildə təqdim etməklə yaratdığı obrazın tam portretini canlandırmışdır. Hətta Natəvanın incə gümüş kəməri, əlindəki qələmi, yaxasındakı medalyonu da şeirlərindəki zərif düşüncəni ifadə etməyə uğurla xidmət edir. 

Lakin şairənin gözlərində və sifətində, dən düşmüş saçlarında ifadə olunan kədər cizgiləri və əlini başına qoyaraq xəyala dalması düşünən heykəlin tapılmış detallarıdır. Bu heykəldə şairə Natəvanın bütün cizgilərini çox təbii şəkildə yaratmaqla Ömər Eldarov impossionist dühasına malik olduğunu nümayiş etdirir. Xurşidbanu Natəvanın həm ağacdan oyma, həm də tunc heykəllərində obrazın ən zəruri xarakterik cizgilərini az qala güzgüdə olduğu kimi çox dəqiq və canlı şəkildə ifadə etməyi bacarmışdır. 

Bu mənada Ömər Eldarov heykəltəraşlığın mahir improssionistidir. 

Ömər Eldarovun Tacikistanın paytaxtı Düşənbə şəhərində ucaldılmış Sədrəddin Ayninin (1978) və məşhur İbn Sinanın (1980), Hindistanın Comolunqması sayılan Robindranat Taqorun (1987) heykəlləri mütəfəkkir heykəltəraş düşüncəsinin möhtəşəm abidələridir. 

Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Hüseyn Cavidin Bakı şəhərindəki heykəlində ifadə olunan dərin düşüncə romantik kədərin daşlaşmış məbədidir. 

Doğrudur, Hüseyn Cavid heykəlinin kompozisiyasındakı dinamika həmin romantik kədərin dərin ümidlərlə bağlı olduğunu düşünməyə əsas verir. Bu yolla düşünən Hüseyn Cavidlə düşündürən süjet xətti obrazın xarakterini, taleyini və bütövlüyünü tamamlayır. Hətta Hüseyn Cavidin heykəlinin pyedestalını təbii daşdan yonmaqla Ömər Eldarov sənətkarın qazandığı əbədiyyəti heykəltəraşlıq dili ilə nəzərə çatdırmışdır. Xurşidbanu Natəvanın həm ağacdan oyma, həm də tunc heykəllərində obrazın ən zəruri xarakterik cizgilərini az qala, güzgüdə olduğu kimi çox dəqiq və canlı şəkildə ifadə etməyi bacarmışdır. 

Bu mənada akademik Ziya Bünyadovun, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin qəbirüstü abidələri Ömər Eldarovun sərt realizminin fərqli təzahürləri kimi cəlbedici və düşündürücüdür. Bu heykəllərin hər birinin özünəməxsus düşündürən ibrətamiz detalları mövcuddur. Rəssam Səttar Bəhlulzadənin abidəsi (1965) isə realist-romantik heykəldir. Böyük sənətkarın üzündəki dərin düşüncə və əllərinin sual işarəsi şəklində təqdimatı onun Azərbaycan təbiətinin incəliklərini tapıb üzə çıxarmaq və yağlı boya ilə kətana köçürmək istedadının ağacdan yonulmuş təbii görüntüsüdür. Təkrarsız rəsm əsərləri kimi Səttar Bəhlulzadə özü də Ömər Eldarovun təqdimatında yaradıcı dühanın dərin düşüncələrini bütün təbiiliyi ilə əks etdirir. Səttar Bəhlulzadənin tuncdan tökülmüş memorial heykəlində də (1974) eyni düşüncə ampluası qorunub saxlanılmışdır. 

Azərbaycan lirik şeirinin böyük ustadı Məhəmməd Füzulinin heykəli xalq rəssamı Ömər Eldarovun düşünən heykəllər silsiləsinin zirvəsidir. Heykəltəraş Tokay Məmmədovla birlikdə 1963-cü ildə Bakı şəhərində ucaldılmış bu möhtəşəm abidə Məhəmməd Füzulinin dünyəvi kədərini və dərin poetik düşüncəsini dolğun şəkildə əks etdirir. 

Ömər Eldarovun Məhəmməd Füzuli heykəli Azərbaycan heykəltəraşlıq sənətinin “Leyli və Məcnun”udur. Məşhur “Leyli və Məcnun” poemasında olduğu kimi, Məhəmməd Füzuli heykəlində də aqilliklə aşiqanəliyin harmoniyası yaradılmışdır. 

Pyedestalın üzərindəki “Leyli və Məcnun” süjetləri Füzulinin heykəl obrazını tamamlayır. 

Azərbaycan xalqının qəlbində Məhəmməd Füzulinin obrazı Ömər Eldarovun yaratdığı heykəllə əbədiləşmişdir. 

Bu möhtəşəm abidə Bakı şəhərinin mərkəzində Məhəmməd Füzulinin açıq kitabıdır. Nəinki ölkəmizin bu mövzuya bələd olan vətəndaşları, hətta Azərbaycana ilk dəfə gələn xarici turistlər də Məhəmməd Füzuli heykəlini diqqətlə “oxumaqla” bu böyük sənətkarın yaradıcılıq ideallarını təsəvvür edə bilərlər. 

Ömər Eldarovun Füzulisi qranitdən yoğrulmuş əbədi eşq heykəlidir. 

Bütün bunlar göstərir ki, Ömər Eldarovun heykəlləri təkcə ənənəvi postamentdən və şəxsiyyətin əzəmətli görüntüsündən ibarət olmayıb, daha çox fikir, düşüncə, mətləb ifadə edən monumental sənət nümunələridir. Bu heykəllər insan düşüncəsinin abidələridir. 

Ömər Eldarov heykəlin əzəmətini canlandırarkən mahir heykəltəraş, onun fikir və düşüncələrini ifadə edərkən görkəmli akademikdir. Onun sənətində heykəltəraşlıqla akademik düşüncənin möhkəm üzvi sintezi vardır. 

Mətləb-düşüncə ifadə etmək baxımından Ömər Eldarovun əsərləri mütəfəkkir heykəllərdir... 

Akademik yanaşma ilə bədii idrakın vəhdəti Ömər Eldarovun heykəltəraşlığının mahiyyətini təşkil edir... 

Ömər Eldarovun zəngin yaradıcılığı mütəfəkkir heykəltəraşlığın akademiyasıdır. 

Akademik Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, mütəfəkkir akademik heykəltəraşlıq məktəbinin müəllifi, yaradıcısıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik heykəltəraşlığın fəxridir.

***

Xalq rəssamı Ömər Eldarovun heykəltəraşlığında lirizmin və bədii detalların zənginliyinin də özünəməxsus yeri vardır. Onun demək olar ki, bütün heykəllərində lirika əlamətləri həkk olunmuşdur. Şairə Natəvanın heykəli bütünlüklə şeiriyyətdən yoğrulmuşdur. 

Ömər Eldarovun Natəvanı qranitdən yoğrulmuş lirik-romantik nəğmədir. 

Məhəmməd Füzulinin heykəlinin pyedestalındakı Leyli və Məcnun obrazlarının təsvirləri dahi şairin lirikasının daşlaşmış rəmzləridir. Robindranat Taqor heykəlinin yaxasındakı naxışlar Nobel mükafatı laureatı olmuş dahi sənətkarın fikir və düşüncə zənginliyinin əks-sədasıdır. 

Rəşid Behbudovun heykəli - çağlayan və oxuyan abidədir...

Akademik Zərifə xanım Əliyevanın abidəsi sözün həqiqi mənasında, Azərbaycan milli heykəltəraşlıq sənətinin müasir səviyyəsinin yüksək göstəricisidir... 

Fikrimizcə, bu nadir sənət əsərinin “Elegiya” adlandırılması da təsadüfi olmayıb, həm də abidənin ruhundakı mehri, lirizmi mənalandırır. Akademik Zərifə xanım Əliyevanın abidəsini özünün incəliyi və lirizmi etibarilə Azərbaycan poeziyasının şah əsərlərini yaratmış Məhəmməd Füzulinin lirikası ilə müqayisə etmək olar. Bu, Azərbaycan heykəltəraşlıq sənətinin tuncdan tökülmüş incə ruhlu poeziyasıdır. 

Ömər Eldarovun bütün əsərlərində özünü göstərən sənətkarlıq xüsusiyyətləri cəm halda ustad heykəltəraşın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş heykəl-abidələrində öz əksini tapmışdır. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxsaylı heykəllərini ucaltmış Ömər Eldarov heç vaxt özünü təkrar etməmişdir. 

O, hər dəfə bu dahi şəxsiyyətin obrazını yaradarkən onu fərqli bir düşünülmüş detalla zənginləşdirmişdir. 

Ömər Eldarovun heykəltəraşlıq Heydərnaməsində xalqımızın və ölkəmizin xilaskarı, müstəqil dövlətimizin banisi və böyük qurucusu Heydər Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyi parlaq şəkildə əks etdirilmişdir. 

Ömər Eldarov bu əbədiyaşar şəxsiyyətin heykəllərini yaradarkən hər hansı bir effekt yaradacaq əlavə detala istinad etməmişdir. O, mümkün olduqca böyük müasiri, yaxından tanıdığı, şəxsiyyətinin və siyasətinin miqyasını aydın surətdə mənimsədiyi ulu öndər Heydər Əliyevin daha çox özünü, malik olduğu dərinlik və ucalığı açmağa çalışmışdır. Ona görə də Ömər Eldarovun yaratdığı Heydər Əliyev heykəllərinin əzəməti üzərində hər hansı bir yaradıcılıq əməliyyatı aparılması ilə yox, bu heykəllərin ucaldıldığı yerdə münasib məkanın tapılması ilə müəyyən olunur. 

Ulu öndərin öz sağlığında Naxçıvanda ucaldılmış büstünün arxasında görünən Möminəxatın türbəsi və Araz çayı onun vətənpərvər, azərbaycançı dahi rəhbər olduğunu göstərir. Eyni zamanda, Naxçıvandakı büstünün ətrafında bir neçə ölkənin coğrafi sərhədləri və ərazilərinin görünməsi Heydər Əliyevin beynəlxalq aləmdə qəbul olunan dünyamiqyaslı böyük siyasi xadim olması fikrini ifadə edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanındakı əzəmətli heykəlinin fonundakı Muzey salnaməsi Azərbaycan xalqının ən çətin, məsuliyyətli illərində böyük dövlət xadiminin bu diyarda çalışıb işlədiyinə, xilaskarlıq missiyasını həyata keçirməsinə mənalı bir işarədir. 

Türkiyə Cümhuriyyətinin Qars şəhərində ucaldılmış Heydər Əliyev abidəsinin fonundakı qədim və möhtəşəm Qala bu qüdrətli liderin türk dünyasında daşıdığı missiyanı dolğun surətdə ifadə edir. Açıq səma və doğma torpaq Heydər Əliyev heykəllərinin daşıdığı əbədiyyət mənasını diqqət mərkəzinə çəkir. 

Bakı şəhərində Fəxri xiyabandakı Heydər Əliyev kompleksi üçün seçilmiş fon - mərmər qranit üzərində Azərbaycan xəritəsinin canlandırılması rəmzi şəkildə Heydər Əliyevin ölməz adının Azərbaycan xalqı ilə və müstəqil dövlətimizlə əbədiyyətə qədər bərabər olacağını mənalandırır. 

Fəxri xiyabandakı Heydər Əliyev heykəli Azərbaycan memarlığının şah əsəridir. 

Bu möhtəşəm abidə sözün əsl mənasında, xalqımızın və dövlətimizin simvoluna çevrilmiş ümummilli liderin bütün əzəmətini özündə əks etdirir. Hər dəfə insanlar bu ölməz sənət abidəsinin qarşısından keçərkən dərin iftixar hissi və mənəvi borc duyğusu ilə “Borcumuzdur bu ehtiram” - deyərək irəliyə doğru addımlayırlar.

***

Xalq rəssamı Ömər Eldarovun düşünən heykəlləri həm də düşündürür. 

Düşünən heykəllərin insanları düşündürməsi onu yaradan ustad heykəltəraşın bu torpağın böyük şəxsiyyətlərinə ehtiramı, ölkəsinin sabahına dərin inamıdır. 

Düşünən heykəltəraşlıq Azərbaycan monumental heykəltəraşlıq sənətinin Ömər Eldarov mərhələsidir. 

Yaradıcılıq emalatxanasında olarkən əyani şəkildə gördüm ki, Ömər Eldarov ömrünün 90 yaşında ölkəmizi və dünyanı bəzəyəcək, xalqımızı düşündürərək irəli apara biləcək yeni-yeni heykəllər haqqında düşünür. 

Ömər Eldarovun yaradıcılıq emalatxanası - işləyən, çalışan heykəltəraşlıq fabrikasına bənzəyir. 

Buradakı əmək alətləri, xammal bazası, yarımçıq işlər, hazır məhsullar “fabrikantın” həyat eşqini, tükənməz enerjisini, heyrətamiz zəhmətini, qurub-yaratmaq əzminin miqyasını təsəvvür etməyə imkan verir. 

Ömər müəllim təkbaşına Fərhad - Qaraca Çoban kimi böyük bir istehsal müəssisəsinin və ya bir institutun fiziki işini görür və qeyri-adi, möhtəşəm yaradıcılıq vəzifələrini həyata keçirir. 

Lüğətində yorulmaq anlayışı olmayan Ömər Eldarov ən böyük mənəvi rahatlığını ardıcıl yaradıcı fəaliyyətdə, qurub-yaratmaqda tapır. 

Xalq rəssamı, akademik Ömər Eldarovun emalatxanasından çıxan heykəllər Azərbaycan heykəltəraşlıq sənətinin brendidir.

Bu emalatxanada saxlanılıb, hansı səbəbdənsə meydanlara köçürülməmiş orijinal Dədə Qorqud heykəli özünün mahiyyətinə görə Ömər Eldarov sənətinin rəmzi kimi görünür. 

Azərbaycan heykəltəraşlıq sənətinin ağsaqqalı, müasir milli ziyalılığın görkəmli nümayəndəsi olan Ömər Eldarov da sənətdə, həyatda, elm və təhsil sahəsində müdrik Dədə Qorqudun missiyasını ləyaqətlə həyata keçirir.

Emalatxanasındakı qəribə qaya parçalarına, daşdan, gips və ağacdan düzəldilmiş bitmiş və natamam qəribə fiqurlara baxarkən adama elə gəlir ki, Ömər Eldarov özü də sanki Dədə Qorqud landşaftında və mühitində yaşayır. 

Hansı mövzuda yaradılmasından asılı olmayaraq Ömər Eldarovun heykəlləri ilk növbədə, Dədə Qorqud ruhlu azərbaycançılıq abidələridir. 

Ömər Eldarov özü də bir insan kimi həyatda danışmaqdan çox düşünməyə və əməli iş görməyə üstünlük verir. 

Şux qamətə malik Ömər Eldarov - düşünən və yeriyən, daim hərəkətdə olan, yaşayan heykəldir. Dahiyanə sadəlik və yorulmaz yaradıcı fəaliyyət xalq rəssamı Ömər Eldarovun obrazıdır. Bu düşündürücü heykəlin isə heykəltəraşı, müəllifi onun bütün varlığı ilə xidmət etdiyi qədirbilən Azərbaycan xalqı və müstəqil dövlətimizdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri

"Azərbaycan" qəzeti, 21 dekabr 2017-ci il

  • Paylaş: