www.science.az
21.12.2017 09:46

Azərbaycan Rəssamlıq Akademiyasında akademik Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub

Dekabrın 20-də Azərbaycan Rəssamlıq Akademiyasında bu ali təhsil ocağının rektoru, görkəmli heykəltəraş-alim, Xalq rəssamı, akademik Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub.

Tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirib ki, Ömər Eldarov yaradıcılıq fəaliyyəti və xidmətləri ilə mədəniyyətimizi zənginləşdirən dünya şöhrətli sənətkarlardandır. Onun əl işləri regional və beynəlxalq müsabiqələrdə, dünyanın bir çox muzeylərində sərgilənir.

Ə.Vəliyev qeyd edib ki, Ö.Eldarovun müxtəlif illərdə Bakıda ucaltdığı monumental heykəllər şəhərin bədii-estetik simasının təkmilləşməsinə töhfə verib.

Sonra Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov illərdir öz biliklərini tələbələri ilə bölüşən, onlara heykəltəraşlığın incəliklərini öyrədən Ömər Eldarovun pedaqoq kimi fəaliyyətindən danışıb.

Tədbirdə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, bütün mənalı ömrü boyu Ö.Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olub. Artıq uzun illərdir ki, respublikamızda Ö.Eldarovun peşəkar rəssamlıq və heykəltəraşlıq məktəbi formalaşıb.

R.Hüseynov diqqətə çatdırıb ki, görkəmli heykəltaraşın əsərləri ölkəmizin sərhədlərini aşaraq kənarlara da adlayır. Ömər Eldarovun imzası yalnız Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində var. Bu heykəllərlə Azərbaycanın yaradıcı qüdrəti dünyaya da bəlli olur.

Yubilyarın sənət dostları dövlətimizin başçısı tərəfindən respublikanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə Xalq rəssamını təbrik ediblər.

Sonra Ömər Eldarova həsr edilən “Hələ axşam olmayıb” filmi nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.