www.science.az
18.12.2017 12:13

“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevBotanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, həmin institutun əməkdaşları - b.e.d. Naibə Mehdiyeva və b.ü.f.d. Esmira Əlirzayevanın həmmüəllifliyi ilə hazırlanmış Azərbaycan florası haqqında məqalələr toplusu "Springer" nəşriyyatı tərəfindən dərc olunan "Qafqazın etnobotanikası" (Ethnobotany of the Caucasus) ensiklopedik kitabına daxil edilib.

Amerikalı alim Rainer W.Bussmanın redaktorluğu ilə hazırlanmış kitab biomüxtəlifliyin qorunub saxlanılması və səmərəli istifadəsi sahəsində elmi araşdırmaları ilə tanınan ABŞ-ın Missuri Botanika Bağının təşəbbüsü və təşkilatı dəstəyi ilə nəşr olunub.

Kitab Cənubi Qafqaz xalqlarının bitki resurslarından istifadəsi təcrübəsinin öyrənilməsinə həsr olunmaqla yanaşı, 186 bitki növü haqqında ətraflı məlumatı özündə əks etdirir. Nəşrdə həmin ölkələrin coğrafiyası, relyefi, landşaftı, iqlim şəraiti ilə bağlı məlumatlar da yer alıb.

Azərbaycan florasında yerli əhali tərəfindən qədim vaxtlardan istifadə olunan nadir dərman və qida bitki növləri daxil olmaqla, 155 növ faydalı bitkinin botaniki təsviri, ekologiyası, statusu, yayılması, istifadə sahələri və s. haqqında ümumi məlumatlar və bu istiqamətdə aparılan tədqiqatların nəticələri ilk dəfə olaraq beynəlxalq səviyyədə əksini tapıb.

“Qafqazın etnobotanikası” kitabı Azərbaycan florasının tibb və sənaye əhəmiyyətli potensial imkanlarının elmi əsaslarla dünyaya tanıdılması baxımından dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.