www.science.az
18.12.2017 08:25

Ləyaqətli alim ömrü

Akademik Şəfaət Mehdiyevin adı hər bir Azərbaycan ziyalısı üçün əzizdir. Ensiklopedik biliyə və geniş erudisiyaya malik olan alim görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda, jurnalist, yazıçı və ictimai-siyasi xadim idi. Ümummilli lider Heydər Əliyev xatirələrində Şəfaət Mehdiyevi istedadlı alim və Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı kimi dəyərləndirərək deyib: “Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi".

Şəfaət Mehdiyevin mənalı və şərəfli ömür yoluna, elmi fəaliyyətinə nəzər saldıqda onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğu qabarıq görünür. O, elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışıb.

Nüfuzlu alim-pedaqoq kimi Şəfaət Mehdiyev 1958-ci ildə Azərbaycanın ən nüfuzlu təhsil ocağının - Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru təyin edilmişdi. Beləliklə də, böyük alim respublikanın siyasi-ictimai həyatındakı islahatların, elmi-mədəni düşüncədəki yeniləşmənin, milli intellektual-kulturoloji mühitdəki dəyişikliklərin mərkəzinə düşmüşdü. Neçə-neçə dövlət xadimi, elm, mədəniyyət, ədəbiyyat, hüquq və başqa sahələrin nümayəndələri məhz onun rektorluğu dövründə universitetdə təhsil alıblar. Bu insanların hər biri ustad alim, nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən əsası isə millətini sevən Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrlə anır. Ardıcılları və tələbələri xatirələrində qeyd edirlər ki, Şəfaət müəllim bütün tələbələrə əsl atalıq qayğısı ilə yanaşıb. Ağır müharibə illərində valideynlərini, yaxınlarını itirmiş yetim tələbələr bu dəyərli ziyalının simasında əsl himayədarlarını tapıblar. Deyilənlərə görə, hətta zəif oxuyan tələbələrə də təqaüd yazdıran görkəmli alimə müxtəlif qüvvələr tərəfindən müqavimət, basqılar olurmuş. Lakin təzyiqlər Şəfaət Mehdiyevin ədalətli və humanist mövqeyinə təsir göstərə bilməyib, əksinə, onu daha da mətinləşdirib.

Şəfaət Fərhad oğlu Mehdiyev 1910-cu ildə İranın Sarab qəzasının Şalqun kəndində əkinçi ailəsində anadan olub. Dörd yaşında atasını itirdikdən sonra ailəsi Bakıya köçür. 1930-cu ilin aprel ayında Şəfaət Azərbaycan Sənaye İnstitutunun (ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olur və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ mühəndisi ixtisasına yiyələnir.

Hələ tələbə ikən o, əvvəlcə "Azneftkəşfiyyat" trestində geoloq, sonra Mərdəkanda kəşfiyyat sahəsinin geoloqu vəzifəsində işləməyə başlayır, daha sonra isə Mərdəkan-Türkan kəşfiyyat qrupunun böyük geoloqu olur. 1932-1936-cı illərdə Şəfaət Mehdiyev Sənaye İnstitutunun "Neft kadrları uğrunda" çoxtirajlı, daha sonra "Gənc işçi" qəzetlərinin, "Gənc bolşevik" məcmuəsinin, "Azərbaycan idmançısı", "Qala neftçisi" qəzetlərinin redaktoru işləyib.

1936-cı ildən Pirsaat neft mədənində, 1937-1938-ci illərdə Neftçala neft mədənində geoloq kimi çalışıb, daha sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda baş geoloq, direktor müavini vəzifələrinə irəli çəkilib, eyni zamanda, aspiranturaya daxil olub. Paralel olaraq 1939-cu ildə Azərbaycan Geoloji Fondunun 1940-cı ildə Abşeron Geoloji-Seysmik partiyasının rəisi işləyib. Şəfaət müəllim 1941-1945-ci illər müharibəsinin ilk günlərindən hərbi xidmətə gedib və Qara dəniz qrupunda, Zaqafqaziya və IV Ukrayna cəbhələrində zabit kimi vuruşub. 1944-cü ilin mart ayında o, mühəndis-geoloq kimi arxa cəbhəyə göndərilir. Yenidən aspiranturaya bərpa olunur, 1945-ci ilin əvvəllərində "Abşeron yarımadasının neft yataqlarının geotermikası" mövzusunda namizədlik, 1950-ci ildə "Lənkəran vilayətinin geoloji quruluşu və neftlilik perspektivləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir. Şəfaət Mehdiyev tərəfindən Abşeron yarımadasının neft yataqlarının istilik rejimi məsələləri dəqiq surətdə tədqiq olunub və dəyərli əsər hazırlanıb. Bu əsərin böyük əhəmiyyəti ondan ibarət idi ki, dərinlikdən, tektonikadan və digər amillərdən asılı olaraq geotermik pillənin dəyişmə qanunauyğunluqları ilk dəfə aşkara çıxarılmışdı. Xeyli sonra 1980-ci ildə Şəfaət müəllim neft və qaz yataqlarının istilik rejiminin mühüm nəzəri məsələlərini yenidən araşdırıb və həmmüəllifləri ilə birgə "Cənubi Xəzərin qərb şelfinin geotermik sahələrinin xüsusiyyətləri haqqında" problem məqalə ilə çıxış edib.

Cənubi Xəzərin qərb şelfinin tədqiqat obyekti kimi seçilməsi təsadüfi deyildi və bu, istehsalatın tələbindən irəli gəlirdi. Təkcə onu göstərmək kifayətdir ki, 1981-ci ilin əvvəli üçün Avrasiyanın şelf zonalarında qazılan dərin və böyük dərinlikli axtarış və kəşfiyyat quyularının əksəriyyəti məhz Cənubi Xəzərin qərb şelfində qazılmışdı. Nəticədə dərinlikdə yerləşmiş süxurlar haqqında yeni geoloji məlumatın, xüsusən onların geotemperatur yatma şəraitləri haqqında informasiyanın toplanmasına kömək etmiş və baxılan ərazi daxilində geotermik sahənin bəzi spesifik dəyişmə xüsusiyyətlərini aşkar etməyə imkan vermişdi. 1945-1950-ci illərdə Şəfaət Mehdiyev Azərbaycanın geoloji cəhətdən bu gün də ən az öyrənilmiş regionunda - Lənkəranda geoloji tədqiqatlar aparıb və bu barədə dəyərli monoqrafiya yazıb.

Dağlıq Talışın geologiyasına həsr olunmuş əsərində Şəfaət Mehdiyev bir çox yeni, maraqlı, orijinal məlumatlar verib. O, Dağlıq Talışın stratiqrafiyasının tam yeni sxemini işləyib hazırlayıb, Lənkəran vilayətində ilk dəfə ayrı-ayrı stratiqrafik vahidlərin, qismən xadum horizontu çöküntülərinin və koun lay dəstəsinin analoqlarının mövcudluğunu müəyyən edib. Eyni zamanda, vulkanogen süxurların yaşı haqqında əvvəlki tədqiqatçıların baxışlarına böyük düzəlişlər edilib, Lənkəran ərazisində dördüncü dövr vulkan axmalarının olmaması sübuta yetirilib, intruzivlərin yaşı dəqiqləşdirilib. 1950-ci ildən etibarən Şəfaət Mehdiyev Geologiya İnstitutunda neft yataqlarının geokimyası laboratoriyasına rəhbərlik etməyə başlayır və Azərbaycanın neftli laylarında üzvi komponentlərin - bitumun, üzvi karbonun, humin turşularının, azotun və s. keyfiyyət və kəmiyyətcə paylanma qanunauyğunluqlarını öyrənir.

Şəfaət Mehdiyevin bu sahədə yerinə yetirdiyi çoxillik tədqiqatların nəticələri "Neftin mənşəyi məsələləri və Azərbaycanın neft yataqlarının formalaşması", "Azərbaycanın çökmə süxurlarının üzvi komponentləri", "Azərbaycanın cənub-şərqinin üçüncü dövr kompleksinin bitumluğuna dair" (D.V.Jabrevlə müştərək), "Xəzəryanı-Quba sahəsinin tabaşir və üçüncü dövr çöküntülərində üzvi maddələrin yayılması", "Kür çökəkliyinin şərq hissəsinin üst pliosen çöküntülərinin geoloji və geokimyəvi səciyyəsi" (hər ikisi Ad.A.Əliyevlə birlikdə) və digər əsərlərində öz əksini tapıb. Neftin mənşəyi problemi ilə dərindən məşğul olan Şəfaət Mehdiyev hələ 1966-cı ildə neftin dərinlik-biogen genezisi hipotezini irəli sürüb, sonrakı tədqiqatları ilə onu nəzəriyyə səviyyəsinə çatdırıb. Sonralar bu fikir dünyanın bir çox alimləri tərəfindən qəbul edilib. Şəfaət Mehdiyev "Neftin mənşəyi problemləri və neft-qaz yataqlarının formalaşması" (1969-cu il) əsərində bu problemin bir çox cəhətlərini geoloji və geokimyəvi tədqiqatlardan istifadə etməklə təhlil edib. Əsərin məntiqi davamı kimi o, 1985-ci ildə "Təbiətdə neftin və qazın formalaşması və tərkibinin dəyişməsi" monoqrafiyasını çap etdirib.

Görkəmli alim yazırdı ki, neftin mənşəyi, neftin və qazın tərkibinin formalaşması və çevrilmələrini öyrənərkən yerin inkişafını, onun ilkin vəziyyətindən başlayaraq bizim günlərə kimi müxtəlif geosferlərin əmələ gəlməsi və inkişafını nəzərə almaq vacibdir, plitələr tektonikasının yeni ideyalarına diqqətlə yanaşmaq lazımdır. Çünki tam olaraq mümkündür ki, Zavaritski-Benyof zonasının müxtəlif rayonlarında yuxarı temperatur şəraitlərində subdiksiya prosesində çökmə süxurların üzvi maddəsi mantiya qazlarının iştirakı ilə karbohidrogen flüidlərinə çevrilə bilər. Bu problemlərin optimal həllinin axtarışında təkcə geoloji-geokimyəvi elmlərin ən yeni nailiyyətlərini nəzərə almaq kifayət etmir, həmçinin qonşu, bir-birinə çox yaxın olan elmlərin də nailiyyətlərindən istifadə etmək lazımdır. Şəfaət müəllim tərəfindən işlənilib hazırlanmış və 1966-cı ildə qısa olaraq, 1969-cu ildə isə hərtərəfli izah olunmuş neftqazəmələgəlmə nəzəriyyəsi "neftin dərinlik-biogen mənşəyi nəzəriyyəsi" adlanır. Burada neftəmələgəlmənin həm biogen, həm də abiogen tərəflərinin uğurları və səmərəli mülahizələri birləşdirilib.

Akademik Şəfaət Mehdiyev bir çox geoloji xəritələrin tərtibçisi və redaktoru olub. Bu cəhətdən onun elmi redaktoru və həmmüəllifi (F.M.Bağırzadə, X.B.Yusifzadə, S.H.Salayev və başqaları ilə birlikdə) olduğu və Dövlət mükafatına layiq görülmüş "Azərbaycanın neft və qaz yataqları və perspektiv strukturları" (1:500.000 miqyaslı) xəritəsi xüsusilə diqqəti cəlb edir. Yeni xəritə Azərbaycanın depressiya zonalarının struktur-tektonik xüsusiyyətlərini, dərinlik və regional qırılmaları, çökmə süxur qatının qalınlığını, əsas neft-qaz daşıyan və perspektiv kompleksləri, aşkar olunmuş strukturlar fondunu, neft-qaz yataqlarının yerləşməsini, ayrı-ayrı perspektiv neft-qaz layları və horizontlarının stratiqrafik pazlaşma zonalarını və s. əks etdirir. Bu yeni xəritə elmi-tədqiqat və istehsalat təşkilatlarına respublika ərazisində, o cümlədən, Xəzər dənizi akvatoriyasına birləşən rayonlarda neft və qaz üçün geoloji-axtarış və kəşfiyyat işlərinin əsaslandırılmasında, yerinə yetirilməsində çox böyük dəstək oldu.

Şəfaət Mehdiyev dərinliyə və həddən böyük dərinliyə gömülmüş çökmə süxurlar kompleksində sənaye əhəmiyyətli neft-qaz yataqlarının axtarışına və kəşfiyyatına ciddi fikir verirdi. Bu cəhətdən alimin 1984-cü ildə Moskvada Beynəlxalq Geoloji Konqresin XXVII sessiyasında "Cənubi Xəzərdə dərinliyə gömülmüş neft-qaz yataqlarının axtarışının ilkin geoloji şəraiti" mövzusunda məruzəsi xüsusən diqqəti cəlb edir. O, ixtiyarı potensial neft-qaz rayonunda dərinlikdə yerləşmiş (4,5-6,0 km) və böyük dərinliyə (6 km-dən artıq) gömülmüş neft-qaz yataqlarının məqsədyönlü axtarışını aparmaqdan öncə geoloqların bir neçə suala müsbət cavab verməsini vacib hesab edirdi: bu dərinliklərdə metamorfizləşməmiş çökmə süxur kompleksləri məlumdurmu? Bu dərinliklərdə əlverişli struktur-tektonik şərait mövcud ola bilərmi? Bu dərinliklərdə sənaye əhəmiyyətli neft-qaz yığımlarını saxlaya bilən kollektorlar varmı? Bu dərinliklərdə sənaye əhəmiyyətli neft-qaz yığımlarını qorumaq imkanına malik olan örtük (ekran) süxurlar mövcuddurmu? Neft laylarının yatması üçün bu "kritik dərinlik" kifayət edirmi? Şəfaət müəllim Cənubi Xəzər akvatoriyası üzrə toplanmış zəngin faktiki geoloji-geofiziki materialı ümumiləşdirərək təhlil edir, dərinliyə və böyük dərinliyə qazılmış quyuların məlumatlarını əsas tutaraq Cənubi Xəzər akvatoriyasında dərinlikdə və böyük dərinlikdə yerləşmiş neft və qaz yataqlarının axtarışı üçün optimal plan təklif edir. Konqres iştirakçıları tərəfindən böyük maraqla dinlənilən bu məruzə konqresin materialları ilə yanaşı, az sonra 1984-cü ildə "Azərbaycanın geologiyası haqqında" oçerklərdə işıq üzü görür.

Akademik Şəfaət Mehdiyev Orta Kür cökəkliyinin maykop lay dəstəsinin (oliqosen-aşağı miosen) neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi sahəsində də həmkarları ilə müştərək dəyərli tədqiqat aparıb. Qərbi Azərbaycanda və Şərqi Gürcüstanda geniş yayılmış bu cöküntülərin yayılma sahəsi 35-85 km enində 300 km məsafəyə qədər uzanır. Azərbaycanın neft-qaz geoloji rayonlaşdırma sxemində paleogen-miosen kompleksinin ayrı-ayrı stratiqrafik vahidlərində sənaye miqyasında neft-qazlılıq nisbətən çoxdan məlumdur. Xüsusən Yevlax-Ağcabədi neft-qaz rayonunda Muradxanlı, Zərdab, Şıxbağı, Kür və Qabırrı çayları arası neft-qaz rayonunda Tərsdəllər, Gürzündağ, Sacdağ, Qaflandərə kimi yataqlar məlumdur ki, bunlar da Qərbi Azərbaycanın paleogen-miosen çöküntülərinin, o cümlədən maykop lay dəstəsinin regional planda neftlilik-qazlılığını sübut edir. Bununla belə, lokal planda ayrı-ayrı struktur qalxımlarda, başqa sözlə, antiklinal strukturlarda (onların sayı 70-dən artıqdır) maykop lay dəstəsinin və onun ayrı-ayrı qumlu intervallarının müqayisəli qiymətləndirilməsi aparılmayıb. Şəfaət müəllim geoloji-geofiziki, qazma və quyulardan alınan sınaq və istismar nəticələrinin təhlilinə, neft və qaz göstəricilərinin varlığına, əlverişli qırışıqlıqların, kollektorların və başqa əlverişli geoloji şəraitlərin olmasına əsaslanaraq Orta Kür cökəkliyində maykop lay dəstəsinin neft-qazlılıq perspektivliyini qiymətləndirir və axtarış-kəşfiyyat işlərinin nəzərəçarpacaq dərəcədə geniş miqyasda aparılmasını tövsiyə edirdi.

Şəfaət müəllimin əsərlərini nəzərdən keçirərkən onun tədqiqatlarının nə dərəcədə çoxşaxəli olmasına qibtə etməmək olmur. 1990-cı ildə Moskvanın "Geokimya" jurnalında Şəfaət Mehdiyevin həmkarı ilə birlikdə "Abşeron yarımadası neftlərində təbii ingibitorların paylanma qanunauyğunluğu" adlı irihəcmli məqaləsində yazırdı ki, neftlərin antiradikal aktivliyini səciyyələndirən kinetik parametrlər neftqazəmələgəlmə ocaqlarının identikliyini və laylı neft sistemləri üçün miqrasiya yollarını müəyyən etməyə imkan verir və Abşeron yarımadasının məhsuldar qatı neftləri üçün təbii qanunauyğunluq müəyyən edir.

Qeyd etdiyimiz kimi, akademik Şəfaət Mehdiyev çox orijinal ideyaların daşıyıcısı olub. Onlardan biri alimin "Vulkanların məkan-zaman ərzində qanunauyğun püskürmələri və onların gizli periodikliyinin Günəşin aktivliyi ilə bağlı olması" adlı elmi kəşfidir. Onunla həmfikir olan məşhur akademik B.Y.Xainlə və digər həmmüəlliflərilə keçmiş SSRİ EA-nın məruzələrində və digər mötəbər elmi jurnallarda məqalələrlə çıxış edib. Sonradan əldə edilən bu nəticə alimin ölümündən sonra 2003-cü ildə elmi kəşf kimi təsdiqləndi və beynəlxalq reyestrə daxil edildi. Baxmayaraq ki, kəşfin prioriteti alim tərəfindən hələ 1983-cü ildə təqdim edilmişdi. Alimin neft-qaz yataqlarının istilik rejimi problemləri ilə bağlı apardığı tədqiqatları, Azərbaycanın termal sularının xalq təsərrüfatında istifadə edilməsinin elmi cəhətdən əsaslandırılması, Xəzər dənizinin sahilyanı zolağının kurort zonasına çevrilməsi və digər fikirləri böyük əhəmiyyət daşıyır. Onun bitumlaşmış süxurların öyrənilməsinə həsr edilmiş orijinal tədqiqatları nəticəsində bu "qızıl qumlar"dan neftin və digər faydalı qazıntıların çıxarılması əsaslı şəkildə işlənilib.

Akademik Şəfaət Mehdiyevin "Respublikamızın təbii sərvətləri", "Göygöl", "Azərbaycan neft xəzinəsidir", "Yer necə və nə vaxt yaranmışdır", "Xəzərin neft sərvətləri" kitabları geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanıb. Ə.Yaqubovla birlikdə hazırladığı "Neft-mədən geologiyasının qısa kursu" kitabı uzun illər Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tələbələrinin stolüstü dərs vəsaiti olub. Şəfaət Mehdiyev 400-ə qədər elmi əsərin, 20-dən artıq monoqrafiyanın, Azərbaycanın geoloji və tektonik xəritələrinin, neft və qaz yataqları xəritələrinin redaktoru və tərtibçisi, Abşeron yarımadasının geoloji xəritəsinin redaktoru olub. O, "Azərbaycanın geologiyası" çoxcildli nəşrində ayrı-ayrı fəsillərin və bölmələrin tərtibi, həmçinin redaktəsi işinə böyük əmək sərf edib.

Görkəmli alim 1954-1958-ci illərdə Qubkin adına Geologiya İnstitutunun direktoru və 1958-ci ilin aprel ayından 1965-ci ilin fevral ayına kimi indiki Bakı Dövlət Universitetinin rektoru olub. 1953-1965-ci illərdə universitetdə əvvəlcə neftin və qazın geologiyası, sonra ümumi geologiya kafedrasının müdiri olub.1965-ci ildən ömrünün sonuna qədər alim Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda neftin və qazın geologiyası şöbəsinin rəhbəri və ADNA-da neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olub. Görkəmli alim-geoloq, akademik Şəfaət Mehdiyev həm də şair-publisist, dramaturq və bir çox bədii əsərlərin müəllifi idi. O, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (V çağırış) olub, iki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, müxtəlif medallar, Ali Sovetin fəxri fərmanları ilə təltif edilib.

Azərbaycanda geologiya elminin formalaşmasında və inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik bir alim kimi bu gün də böyük hörmət və ehtiramla yad edilir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov

AZƏRTAC