Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2017 14:32
  • A-
  • A
  • A+

AMEA-da Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib

AMEA-da Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib.

Tədbirdə institutun direktoru, professor Aytən Mustafazadə Azərbaycanda insan hüquqlarının qorunması tarixindən və inkişaf yolundan danışıb. 10 dekabr 1948-ci ildə BMT tərəfindən 30 maddəlik Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyini xatırladan alim sözügedən bəyannamənin insanların eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biri olduğunu və dünyəvi sülhə nail olmaq məqsədilə yazıldığını bildirib. O, növbəti il bəyannamənin 70-ci ildönümünün dünya səviyyəsində qeyd olunacağını diqqətə çatdırıb.

A.Mustafazadə hazırda dünyada insan hüquqlarına dair problemlərin yaşandığını və başlıca problemin separatizm, ekstremizm və terrorçuluq olduğunu söyləyib. Azərbaycanın terror problemi ilə 25 il bundan öncə üzləşdiyini söyləyən alim erməni terrorizminin həlli istiqamətində əməli addımların atılmadığını qeyd edib.

İnstitut direktoru 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında insan hüquqlarını əsas götürərək hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyini xatırladıb. Qeyd edib ki, 1996-cı ildən etibarən ölkəmizdə insan hüquqlarının təkmilləşdirilməsi ilə bağlı hər 5 ildən bir "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" qəbul olunur.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxış edərək bəyannamənin mədəni, sosial, iqtisadi, mülki, siyasi və digər sahələrdə insan hüquqlarını əhatə etdiyini söyləyib. Q.İshaqzai Azərbaycanın BMT-nin insan hüquqlarına dair proqramlarında aktiv iştirak etdiyini, bəyannamədən irəli gələrək insan hüquqlarının qorunması və inkişafına dəstək siyasətini davam etdirdiyini bildirib.

Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Ombudsman institutunun rolu", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Ailə cəmiyyətin fundamental və təbii hissəsidir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmalıdır (maddə 16)", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı "Azərbaycanda vətəndaşların dini etiqad azadlığı və onun qorunması istiqamətində atılan addımlar (maddə 19)", millət vəkili Hikmət Məmmədov "Bütün insanlar bərabər müdafiə olunmaq hüququna malikdirlər (maddə 7)", Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev "Təhsil və maarifləndirmənin insan hüquqlarının qorunmasında rolu", Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Hüquq departamentinin müdiri Rauf Məcidbəyli "Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının insan hüquqlarının qorunmasında rolu", Uşaq Hüquqları üzrə Azərbaycan QHT-lərinin Alyansının nümayəndəsi Kəmalə Aşumova "Müasir dövrdə uşaq hüquqlarının müdafiəsində çağırışlar" mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının video müraciəti təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: