www.science.az
14.12.2017 13:09

İctimai Elmlər Bölməsinin iclasında mədəniyyətlərin dördbölümlü tipologiyasından bəhs olunub

Dekabrın 14-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov "Mədəniyyətlərin dördbölümlü tipologiyası" mövzusunda məruzəsini təqdim edib. Alim məruzəsində mədəniyyətin qadağalar üzərində qurulan həyat tərzi olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətlərin dördbölümlü tipologiyası - cəngavər, icma, zadəgan və şəhər mədəniyyətlərindən ibarətdir. A.Əsədov əxlaqın da dörd tipə bölündüyünü və mədəniyyətin altsistemi olaraq çıxış etdiyini söyləyib: "Əgər icma mədəniyyətində kömək istəyənə kömək etməmək, yəni zalımlıq yasaq edilirsə, cəngavər mədəniyyətində qorxaqlıq qadağan edilir. Həmçinin şəhər mədəniyyətində nəticəsi faydasız olan işlə məşğul olmaq, yəni ağılsızlıq, zadəgan mədəniyyətində isə təbii təyinatına uyğun sosial işdən kənarda qalmaq, yazıqlıq qadağan olunur".

Şöbə müdiri icma mədəniyyətində xeyirxah, cəngavər mədəniyyətində cəsarətli, şəhər mədəniyyətində ağıllı, zadəgan mədəniyyətində isə ləyaqətli insanın ideal olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, icmaçı əzablarının mənşəyini günahlarında, cəngavər taleyində, şəhərli səhvlərində, zadəgan isə dünyanın öz mahiyyətindən qopub ayrılmasında axtarır.

Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb, mövzu ətrafında İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı və digərləri çıxış edərək təklif və iradlarını bildiriblər.

İclasda, həmçinin İqtisadiyyat İnstitutunun 60 illik və AMEA-nın həqiqi üzvü Teymur Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra təşkilati və kadr məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.