www.science.az
02.04.2014 00:00

“Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” qrant layihəsi başa çatıb

AMEA Coğrafiya İnstitutunda 2012-ci ildə ARDNŞ-in nəzdində olan Elm Fondu tərəfindən elmi tədqiqatlara dəstək məqsədi daşıyan qrant layihəyə uyğun olaraq, “Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” mövzusunda iş başa çatıb.

İnstitutun əməkdaşları layihə çərçivəsində Abşeron yarımadasının ən çox neftə çirklənmiş Balaxanı, Sabunçu, Ramana ərazilərinə bir neçə ekspedisiya təşkil etmiş, zəngin materiallar toplamışlar.

Sahə xəritələşdirilməsi nəticəsində, bir neçə xəritə GİS texnologiyaları vasitəsilə tərtib olunmuşdur. Bununla belə, ilk dəfə Abşeron yarımadasında 24 müxtəlif ərazidən əldə edilmiş torpaq, su, bitki, ana dağ süxurları və dib çöküntülərinin mikroelement tərkibi təhlil olunmuş və nəticələrin məlumat bazası yaradılmışdır. Onların əsasında elementlərin konsentrasiya klarkları, bitkilər üçün isə, bioloji udulma əmsalı hesablanmışdır. Hesablamalar nəticəsində hər bir konkret sahə üzrə defisit, ya da izafi olan elementlər təyin olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.