Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

14.12.2017 10:01
  • A-
  • A
  • A+

Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunan toplantı keçirilib

Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunan toplantı keçirilib

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunan toplantı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, E.Cavadova yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr edib. E.Cavadovanın fəaliyyəti ictimaiyyətə Həsən bəy Zərdabi obrazını tam dolğunluğu ilə açıqlayır.

Sonra Esmira Cavadovaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub.

“Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva Esmira Cavadovanın Həsən bəy Zərdabi haqqında tədqiqatlarının əhəmiyyətini qeyd edib. Bildirib ki, E.Cavadova uzun illərdir ki, Həsən bəy Zərdabi irsinin tədqiqi ilə məşğuldur. O, Həsən bəy Zərdabi haqqında silsilə məqalələrin və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların müəllifidir.

Sona Vəliyeva Esmira Cavadovaya “Kaspi” qəzetinin diplomunu təqdim edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və başqaları çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salıblar. 

Sonda çıxış edən yubilyar haqqında deyilən xoş sözlərə və yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: