www.science.az
14.12.2017 09:31

Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunan yeni materialların təqdimatı keçirilib

Dekabrın 13-də əslən Bakıdan olan, hazırda İsraildə yaşayan həmvətənlimiz Rauf Zarbailov tərəfindən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilən materialların təqdimat mərasimi keçirilib.

Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə İsrail arasındakı əlaqələrin əhəmiyyətindən danışıb.

N.Vəlixanlı, həmçinin R.Zarbailov tərəfindən muzeyə hədiyyə edilən, Azərbaycanın maddi mədəniyyət nümunələrindən olan Qarabağ və Təbriz xalçaları, miniatür rəsm əsərləri və albom haqqında məlumat verilib. Bildirib ki, xalqımızın milli mədəniyyətini və incəsənətini əks etdirən yun xalçalar XX əsrin əvvəllərinə aiddir. Miniatür rəsm əsərlərinin üzərində döyüş səhnəsi, qarı və uşaq təsvirləri var.

Muzey direktorunun fond işləri üzrə müavini Məhfuzə Zeynalova təqdim edilən hədiyyələrin muzey üçün dəyərli töhfə olduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları muzeyə verilən materiallarla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.