www.science.az
12.12.2017 09:20

Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

AMEA-nın Neft və Qaz İnstitutu (NQİ), eləcə də akademiyanın elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət kollektivin layihəsi “EcoWorld” beynəlxalq ekoloji müsabiqəsinin birinci dərəcəli mükafatına layiq görülüb.

“İstixana effektinin azaldılması üçün buxarlanmanın qarşısının alınması, karbohidrogen qazlarının yandırılmasının və təbii və texnogen mənbələrdən səpələnməsinin azaldılması” adlı bu layihə müsabiqənin “Ekoloji işləmələr, resurslara qənaət edən və tullantısız texnologiyalar” nominasiyası üzrə birinci olub.

Layihə AMEA-nın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları Fəxrəddin Kərimov, Rauf Mukimov, Şəlalə HüseynovaRiyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Qeylani Pənahov, tex.ü.f.d. Eldar Abbasov, Rusiya Elmlər Akademiyasının Neft-qaz Hasilatının Sistem Tədqiqatları İnstitutunun əməkdaşları – Aleksey Denisov və Eldar Şahverdiyev tərəfindən hazırlanıb.

Rusiya Federasiyası Dövlət Dumasında təşkil olunan mükafatların təqdimetmə mərasimində müsabiqənin təşkilat komitəsinin sədri, Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti, akademik Lida İvanitskaya birinci dərəcəli diplom və fəxri nişanı NQİ-nin Neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimova verib.

Layihə çərçivəsində təbii təzahürlərdən və palçıq vulkanlarından atmosferə atılan səmt karbohidrogen qazının ətraf mühitə mənfi təsiri tədqiq edilib. Atmosferə atılmasını azaltmaq məqsədilə səmt qazının layların neftveriminin artırılmasında istifadəsi tövsiyə edilib. Palçıq vulkanlarından çıxan qazların geoloji və kosmik amillərdən asılı olaraq zamanda intensivliliyinin dəyişmə dövrililiyi müəyyənləşib, qırışıqlı ərazilərin qaz rejiminin tədqiqi aparılıb və karbohidrogen tərkibli qazların atmosferə atılması və yer səthinə yaxın atmosfer qatında paylanması qiymətləndirilib. Həmçinin Azərbaycanın təbii qaz təzahürlərindən və palçıq vulkanlarından atmosferə atılan qazların miqdarı ölçülüb, püskürmə intensivliyinə görə palçıq vulkanizminin xəritəalma işləri aparılıb, qaz çıxışlarının telemetrik monitorinqi təşkil olunub və elmi-texnoloji əsasları işlənilib. Bu tədqiqatlar istixana effektinin mexanizminin öyrənilməsinə əhəmiyyətli töhfə verib.

Qeyd edək ki, bu il mükafata Rusiyanın 39 regionundan və dünyanın 25 ölkəsindən, o cümlədən ABŞ, Almaniya, Çin, Azərbaycan, Yunanıstan, Vyetnam, Monqolustan və s. 240 layihə təqdim olunub. Müsabiqə altı nominasiya üzrə aparılıb. “EcoWorld” beynəlxalq ekoloji mükafat ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin və XXI əsrdə davamlı inkişafın təmin edilməsi üzrə ictimai təltifdir. Ekoloji siyasətin inkişafı, ekoloji təhsil və mədəniyyətin səviyyəsinin yüksəldilməsi, ekologiya elminin inkişafı, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, əhalinin səhhətinin yaxşılaşdırılması və biomüxtəlifliyin qorunması müsabiqənin əsas hədəfləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.