www.science.az
11.12.2017 17:10

AMEA-da məşhur amerikalı qadın astronavtla görüş keçirilib

Dekabrın 11-də AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində ökəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Marta Stefanişin-Payper ilə görüş keçirilib.  

Akademiyanın Alimler Evinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq H.Payperi rəhbərlik etdiyi qurumda görməkdən məmnun olduğunu bildirib. Alim ölkəmizdə kosmonavtikanın inkişafının vüsət aldığını qeyd edərək dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

AMEA ilə “Azərkosmos”un əlaqələrindən söz açan alim artıq Azərbaycanın növbəti peykinin orbitə buraxılması üçün kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

A.Əlizadə yerin təkində gedən proseslərin öyrənilməsi və kosmik tədqiqatların aparılması ilə bağlı birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Haydi Smit çıxış edərək Azərbaycanda kosmik sahədə aparılan araşdırmaları yüksək qiymətləndirib, AMEA ilə müvafiq sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov çıxış edərək xanım kosmonavtla görüşün gənclərimizin bu sahəyə olan maraqlarının artması baxımından əhəmiyyətini önə çəkib, bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib. Alim müasir kosmik tədqiqatların elmi layihələrin hazırlanması üçün xüsusi önəmini də vurğulayıb.

“Azərkosmos” ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev öz çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə məlumat verib.

Tədbirdə təqdimatla çıxış edən H.Payper öncə təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Artıq NASA agentliyinin 12 kosmonavtı seçdiyini deyən məruzəçi, onların arasında qadınların da yer aldığını diqqətə çatdırıb. O, NASA-nın xüsusi şərtlərinə görə, kosmik agentlikdə qadın kosmonavtların sayının az olduğunu qeyd edib, bu sahədə texniki təhsilin önəmini vurğulayıb.

Fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edən astronavt təxminən 33 saat açıq kosmosda olduqlarını deyib. H.Payper bu müddətdə eksperimentlər aparıldığını diqqətə çatdıraraq bildirib ki, fəza öyrənmək, tədqiq etmək və araşdırma aparmaq üçün ideal mühitdir.

O, həmçinin öz çıxışında kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində ABŞ təcrübəsindən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.