Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Elm Tarixi İnstitutu Rusiyanın elmi dairələri ilə əlaqələrini genişləndirir
11.12.2017 16:33
  • A-
  • A
  • A+

AMEA-nın Elm Tarixi İnstitutu Rusiyanın elmi dairələri ilə əlaqələrini genişləndirir

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” adlı qrant layihəsi çərçivəsində 2-8 dekabr 2017-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində elmi ezamiyyətdə olub.

Rusiya Elmlər Akademiyasının (REA) Arxivində və Rusiya Dövlət Kitabxanasında tədqiqatlar aparan azərbaycanlı alim Qafqaz və Zaqafqaziyadakı milli-mədəni irsimizlə bağlı nadir və dəyərli materiallar əldə edib.

Səfər çərçivəsində M.Seyidbəyli, həmçinin REA-nın Ümumi Tarix İnstitutunun (ÜTİ) direktoru, professor Mixail Lipkin ilə görüşüb. Görüşdə ÜTİ-nin direktor müavini, tarix elmləri doktoru İrina Konovalova, “Akvilon” Akademik Nəşriyyatının baş direktoru Mayya Petrova, REA S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulova və Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun  əməkdaşı, REA-nın müxbir üzvü Yuriy Baturin iştirak ediblər.

Görüş zamanı REA-nın Ümumi Tarixi İnstitutu ilə AMEA-nın Elm Tarixi İnstitutu arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: