Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” kitabı çapdan çıxıb
11.12.2017 12:01
  • A-
  • A
  • A+

"Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” kitabı çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun “Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə həsr olunmuş monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Monoqrafiyanın birinci fəslində böyük ədibin Bakı, Təbriz, Tehran, Paris, London və digər şəhərlərdən olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın ikinci fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərlərinin təhlili aparılıb. Müəllif bu fəsildə, həmçinin “Kəmalüddövlə məktubları”nın janrı və üslubu məsələsinə yeni mövqe nümayiş etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: