www.science.az
08.12.2017 13:46

Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memarandumu imzalanıb.

Sənədi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov imzalayıblar.

Mərasimdə çıxış edən fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli əməkdaşlıq memorandumunun hər iki ölkə arasında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini söyləyib.

Samir Abbasov isə çıxışında imzalanan sənədin ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Daha sonra Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov və institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov çıxış edərək diqqətə çatdırıblar ki, imzalanan memoranduma əsasən xalqlarımızın tarixi, mədəniyyəti qarşılıqlı öyrəniləcək və iki qurum arasında təcrübə mübadiləsi genişləndiriləcək.

Qeyd edək ki, memorandumun şərtlərinə müvafiq olaraq humanitar sahədə elmi layihələrə dəstək, əlyazma sənədlərinin tədqiqi, kitab və təcrübə mübadilələrinin, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.