Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2017 14:29
  • A-
  • A
  • A+

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans başa çatıb

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans başa çatıb

Dekabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli riyaziyyatçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın  bağlanış mərasimi olub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransın uğurla başa çatdığını bildirib. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə dekabın 6-da işə başlayan beynəlxalq tədbirdə Türkiyə, Rusiya və İrandan olan alimlər iştirak ediblər. Konfranın bölmə iclaslarında 250-dən çox elmi məruzə dinlənilib. 

Akademik Akif Hacıyevin mənalı ömür yolundan, zəngin elmi fəaliyyətindən danışan AMEA rəhbəri onun Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətlərindən bəhs edib. Bildirib ki, Akif Hacıyev riyaziyyat elmi məktəbini yaratmış və bütün mənalı ömrünü elmimizin inkişafına həsr etmişdir. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun A.Hacıyevin həyat və elmi fəaliyyəti barədə məruzəsi dinlənilib. Qeyd edilib ki, Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır.  Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev bütün mənalı ömrünü bu sahəyə, AMEA-nın inkişafına həsr etmişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə akademiklər Telman ƏliyevYusif Məmmədov, AMEA-nın müxbir üzvləri Misir MərdanovBilal Bilalov, Vaqif Quliyev, professor Nizaməddin İsgəndərov və başqaları çıxış edərək A.Hacıyevin müasir riyaziyyat elminin inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söz açıb, akademiklə bağlı xatirələrini bölüşüblər.

Sonda mərhum akademikin ailəsi adından çıxış edən Aqil Hacıyev qardaşının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: