www.science.az
08.12.2017 13:37

Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb

Türkiyədə “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb.

Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ölkəmizlə bağlı bir sıra tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

Y.Mahmudov deyib ki, Birinci Dünya müharibəsinin tarixi araşdırılarkən qalib dövlətlərin tarixçiləri saxta tarix yaradıblar. Əsl tarix isə diqqətdən kənarda qalıb. Bu müharibənin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırımı törədiblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. 

Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib. "1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilər üçün dövlət yaradıldı. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddialarını irəli sürdülər. Bu məsələlər hüquqi baxımdan araşdırılmalıdır”, - deyə Yaqub Mahmudov bildirib.

Alim, eyni zamanda, simpoziumun proqramında Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına, o cümlədən Xocalı soyqırımına lazımınca yer ayrılmamasından təəssüfləndiyini qeyd edib.

Sonra akademik Y.Mahmudov Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçasını, soyqırımları tarixinə həsr olunan çoxlu sayda nəşrləri təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.