www.science.az
01.12.2017 12:48

“Pərsiz hərəkətedici” layihəsinin təqdimatı olub

AMEA-nın Yüksək Texnologiylar Parkının (YTP) Texnologiyaların transferi şöbəsinin eksperti Emin Hacıyevin “Pərsiz hərəkətedici” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisələrinin, Azərbaycan Neft və Sənaye Universitetinin əməkdaşları, Turbo Baku və R.İ.S.K. şirkətlərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə YTP-nın Texnologiyaların transferi şöbəsinin müdiri Zaur Əhmədzadə layihə barədə məlumat verib. O, ölkəmizdə elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən AMEA YT Parkının təqdim olunan layihəyə də dəstək verməsinin önəmini vurğulayıb.

Sonra AMEA YT Parkının eksperti Emin Hacıyev müəllifi olduğu “Pərsiz hərəkətedici” layihəsinin məqsədinin əsaslı olaraq yüksək çevirici əmsala, effektivliyə və etibarlığa malik hərəkətedici yaratmaq olduğunu qeyd edib. Bildirib ki, “Pərsiz hərəkətedici” işlədiyi zaman kavitasiya yaratmadan, su və hava gəmilərində, kulerlərdə, fanlarda, pompalarda və digər sahələrdə geniş istifadə oluna bilər.

Daha sonra çıxış edən AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, professor Fuad Hacızadə AMEA YT Parkda çalışan alimlərin bu cür layihələrdə iştirakını yüksək qiymətləndirib. O, layihənin böyük uğur qazanacağına inamını ifadə edib.

Tədbirdə R.İ.S.K. şirkətinin texniki direktoru Ziya Məmmədov “Pərsiz hərəkətedici” layihəsini dünyada olan hərəkətedicilərlə müqayisə edərək, yeni ixtiranın effektliyindən və innovativliyindən bəhs edib.

Sonda AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən rezidentlərdən danışıb. O, YT Parkın gənclərin inkişafına, onların ideya, təşəbbüs və layihələrinin həyata keçirilməsinə daim dəstək verdiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.