www.science.az
19.09.2013 00:00

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Gəncə şəhərində və Göygöl, Şəmkir, Gədəbəy rayonlarında ekspedisiyada olmuşlar

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin əməkdaşları Gəncə şəhərində və Göygöl, Şəmkir, Gədəbəy rayonlarında ekspedisiyada olmuşlar.

 

Ekspedisiya müddətində paleocoğrafi tədqiqatlar aparmaq məqsədi ilə həmin ərazilərdə bir sıra kəsilişlər çıxarılmış, palinoloji analizlərin aparılması üçün nümunələr götürülmüşdür. Xüsusilə basdırılmış torpaq horizontlarının formalaşdığı kəsilişlər çox məlumat saxladıqlarına görə onlardan daha çox nümunələr götürülmüşdür.

 

Gədəbəy rayonunun Slavyanka kəndi yaxınlığında qalınlığı 2,5-3 metr olan torf horizontu aşkar edilmişdir. Tərkibində çoxlu sayda qamış gövdəsi, qamış yarpaqları, oduncaq qırıntıları müşahidə edilmiş və torf horizontundan nümunələr götürülmüşdür.

 

Çöl tədqiqatları zamanı müəyyən edilmişdir ki, Eopleystosendə Azərbaycanın ərazisində isti və rütubətli iqlim şəraiti hakim olmuşdur və Kür çökəkliyində həmişəyaşıl bitkilərdən dəfnə, dəfnə-albalı, Aralıq dənizi tipli palıd, mimoza, evkalipt və bir çox həmişəyaşıl sarmaşıqlar geniş yayılmışdır.

 

Erkən Pleystosendə baş vermiş qlobal soyuqlaşma Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində (2.000 metrdən yuxarıda) buzlaşmaların formalaşması Azərbaycanın bitki örtüyü və heyvanlar aləmində ciddi dəyişikliklərə səbəb olmuşdur. Həmişəyaşıl bitkilər sıradan çıxmış və onları iynəyarpaqlı və soyuq iqlim şəraitində bitən tozağacı əvəz etmişdir.

 

Yuxarıda qeyd etdiyimiz paleocoğrafi şəraitin bərpası çöl tədqiqatlarına əsasən aparılmışdır. Götürülmüş nümunələrin təhlili daha dəqiq məlumatların əldə edilməsinə imkan verəcəkdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.