Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.11.2017 09:31
  • A-
  • A
  • A+

Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi qeyd edilib

Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaradıb. Mikayıl Mirzə teatrda Kürd Musa, ("Vaqif"), Fərhad ("Fərhad və Şirin"), Muratov ("Qəribə oğlan"), Eyvaz ("Bizim qəribə taleyimiz"), Aslan ("Kəndçi qız"), Zahid ("Fəryad"), Elxan ("Od gəlini"), Cinli Mustafa ("Dəli yığıncağı"), İxtiyar ("İblis") rollarını ustalıqla oynayıb.

Akademik R.Hüseynov qeyd edib ki, Mikayıl Mirzə Azərbaycan Dövlət Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyası ilə də sıx əlaqə saxlayırdı. Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan televiziya məkanında “Bir aktyorun teatrı” verilişi ekrana çıxıb. Onun ifasında Aleksandr Puşkinin “Motsart və Solyer”, “Qaraçılar”, Hüseyn Cavidin “Azər”, Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Xəlil Rzanın “Məhəbbət dastanı”, Cabir Novruzun “Qərbi Berlin” ekran əsərləri “Qızıl fond”da dəyərli sənət əsərləri kimi saxlanılır. 

Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar rəssam Rais Rəsulzadə və başqaları çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından söz açıblar.

Sonda mərhum sənətkarın ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: