Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 yaşı tamam olur
28.11.2017 16:24
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 yaşı tamam olur

Noyabrın 28-də Azərbaycanın görkəmli geoloq alimi, Neft və Qaz İnstitutunun Quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 yaşı tamam olur.

Qərib İsaq oğlu Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olub. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. O, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna kiçik elmi işçi kimi göndərilib. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri olub. 2003-cü ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda Layın hidroqazdinamikası şöbəsinin müdiri vəzifəsində işləyib. Hazırda AMEA-nın Neft və Qaz İnstitutunun Quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin müdiridir. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mədən geologiyası kafedrasında müəllim kimi də fəaliyyət göstərir.

1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1990-cı ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini alıb. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Qərib Calalov yeraltı hidrodinamika, neft və qaz yataqlarının işlənməsi elmi istiqamətlərinin müxtəlif sahələri üzrə tanınmış alimdir. Onun yarım əsrdən artıq fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidroqazdinamiki modelləşdirilmə üsullarının elmi əsaslarının yaradılması, karbohidrogen yataqlarının işlənilməsi zamanı yüksək lay təzyiqi şəraitində süzülmə-tutum parametrlərinin eksperimental üsulla öyrənilməsi, elmi nəticələrin praktikaya tətbiqi məsələləri ilə bağlıdır. Alim 250 elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir.

Q.Calalovun mühəndis və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi var. Onun rəhbərliyi altında 1 elmlər doktoru, neft və qaz yataqlarının işlənməsi və istismarı üzrə 12 fəlsəfə doktoru hazırlanıb.

Q.Calalovun xidmətləri akademik İ.M.Qubkin adına mükafat, “Şöhrət” ordeni və “Əmək veteranı” medalı, 1997 və 2007-ci illərdə isə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanları ilə qiymətləndirilib.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: