Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2017 15:32
  • A-
  • A
  • A+

AMEA-da hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib

AMEA-da hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib

AMEA-nın Rəyasət Heyətinin İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə Akademiyanın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşlar iştirak ediblər.

Məşğələdə şöbənin rəisi Eldar Quliyev çıxış edərək tədbirin Akademiya prezidentinin "AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinin vəziyyəti və bu sahədə illik hesabatların hazırlanması haqqında" 12 oktyabr 2017-cı il tarixli 677 nömrəli sərəncamının icrasına həsr olunduğunu bildirib.

E.Quliyev bu istiqamətdə görülən işlərin İkinci xüsusi şöbənin ildə bir dəfədən az olmayaraq keçirdiyi toplantılarda müzakirə edildiyini, hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna uyğun olaraq aparıldığını söyləyib.

O, çağırışçıların hərbi xidmətə hazırlığına müntəzəm nəzarət olunduğunu və yüksək səviyyədə keçirilməsinin təmin edildiyini vurğulayıb.

Şöbə rəisi hərbi vəzifəlilərin  və  çağırışçıların  hərbi  uçot  vərəqələrində  olan məlumatların il ərzində sentyabr ayının sonuna qədər SHXÇDX-nin yerli şöbə və bölmələrində olan məlumatlarla tutuşdurulmalı olduğunu diqqətə çatdırıb. E.Quliyev, həmçinin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatların (forma 6) 29 dekabr 2017-ci il tarixinədək hazırlanıb Dövlət Xidmətinin yerli rayon şöbələrində razılaşdırılaraq İkinci xüsusi şöbəyə təqdim edilməli olduğunu deyib.

Sonra İqtisadiyyat Nazirliyinin Səfərbərlik şöbəsinin müdiri - təsislə (bronla) işçi qüvvəsi saxlayan Respublika Komissiyasının məsul katibi Bəhruz Məmmədov çıxış edərək bu məsələnin AMEA tərəfindən daima diqqətdə saxlanıldığını bildirib.

O, respublika ərazisində hərbi vəzifəlilərin bron edilməsi işinə rəhbərliyin, işin təşkili və ona nəzarətin Nazirlər Kabinetinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılan bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyası tərəfindən həyata keçirildiyini deyib. B.Məmmədov bununla əlaqədar İqtisadiyyat Nazirliyində İşçi Qrupunun yaradıldığını və qısa müddət ərzində bir çox işlərin görüldüyünü vurğulayıb.

Şöbə müdiri bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatları qeyri-kafi hazırlayanlar üçün qanunvericilikdə inzibati cərimələrin nəzərdə tutulduğunu söyləyib. O, təşkilatlarda işləyən hərbi vəzifəlilərin müharibə dövründə tutduğu vəzifə və peşələrin müəyyənləşdirilməsinin önəminə də toxunub.

Nazirlik rəsmisi "forma 6"nın və hərbi vəzifəlilərin təxsis olunması qaydalarının yenilənmiş variantının növbəti ilin birinci yarısında dövlət orqanlarına və təşkilatlara təqdim ediləcəyini bildirib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədov çıxış edərək idarə və təşkilatlarda təxsis olunmanın nüanslarını açıqlayıb. Ş.Məmmədov təmsil etdiyi qurumun dövlət və yerli özünüidarə orqanlarında, təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsini təşkil etmək, təxsis edilmiş hərbi vəzifəlilərin vahid uçotunu aparmaq səlahiyyətlərinə malik olduğunu bildirib.

O, idarə və təşkilatlardan SHXÇDX-nin yerli şöbə və bölmələrinə təqdim edilən hesabatların zamanında göndərilməsinin və üzləşdirməni aparan şəxsin ad, soyad və vəzifəsini sənəd üzərində qeyd etməsinin önəmli məsələ olduğunu diqqətə çatdırıb.

Daha sonra İkinci xüsusi şöbənin baş mütəxəssisi Natiq Mehdiyev çıxış edərək illik hesabatların hazırlanması qaydalarının təkmilləşdirilməsi, blankların dəqiq və düzgün doldurulması üçün tövsiyə və göstərişlər verib.

Seminarda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işləri və illik hesabatların hazırlanmasının vəziyyəti haqqında cari ildə görülən işlər barədə çıxışlar dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: