www.science.az
28.03.2014 00:00

Naxçıvanda “Məmməd Araz: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

AMEA Naхçıvan Bölməsində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamına əsasən hazırlanmış “Məmməd Araz: taleyi və sənəti” kitabının təqdimat mərasimi keçirilib.

Nəfis tərtibatla çap edilmiş kitab haqqında məlumat verən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, kitabda Xalq şairinin yaradıcılığının müxtəlif aspektlərini təhlil edən 20-yə yaxın məqalə yer alıb.

Milli poeziyamızın görkəmli nümayəndəsi Məmməd Arazın Azərbaycanda ədəbiyyatın və ictimai fikrin inkişafındakı xidmətlərindən danışan İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Məmməd Arazın sənətinə böyük dəyər verdiyini vurğulayıb: “Şairin 60 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, yüksək “İstiqlal” ordeni ilə təltif edilməsi məhz bu qayğının təzahürü olmuşdur”.

İ.Hacıyev NMR Ali Məclisinin sədri Vasif Talıbovun Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyinin qeyd olunması və görkəmli söz ustadının doğulduğu Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı Sərəncamlarının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra kitabın elmi redaktoru, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məmməd Araz yaradıcılığı: öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdimat mərasimində filologiya üzrə elmlər doktorları Adil BağırovFərman Xəlilov, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev kitabla bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.