www.science.az
31.03.2014 00:00

“Dəyirmi masa”da erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri müzakirə olunub

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən “Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)” adlı dəyirmi masa keçirilib.

İctimai birliyin sədri Məmmədəli Babaşlı Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra tarixi keçmişimizin obyektiv öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımları haqqında məlumat verib.

M.Babaşlı erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq uğrundakı qanlı əməlləri nəticəsində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Cənubi Azərbaycanın müxtəlif şəhərlərində minlərlə dinc əhalinin qətlə yetirilməsi barədə ətraflı danışıb.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktları ilə bağlı məlumat verib. Bildirib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olmuşdur.

Qeyd edilib ki, ermənilər xüsusilə bolşeviklərin köməyi ilə 1918-ci ilin birinci yarısında Urmiya, Xoy, Səlmasda azərbaycanlılara qarşı soyqırımı törətmişlər.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Əhali tarixi və tarixi demoqrafiya şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov 1918-1920-ci illərdə ermənilər tərəfindən Şimali Azərbaycanda həyata keçirilən soyqırımı haqqında danışaraq bildirib ki, Bakı quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min insan qətlə yetirilmişdir. Vurğulanıb ki, həmin dövrdə Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılmışdır.

Sonda İctimai Birliyin üzvlərinin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.