www.science.az
27.11.2017 12:20

Xalça sənəti xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi bənzərsiz töhfədir

AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyədə keçirilən IX Beynəlxalq Türk Xalq Mədəniyyəti konqresində iştirak edib.

Azərbaycanlı alim 1974-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Araşdırma və Təhsil İdarəsi tərəfindən təşkil olunan və hər beş ildən bir keçirilən beynəlxalq tədbirin Maddi mədəniyyət bölməsinə sədrlik edib.

Konqresdə “Azərbaycan xalça sənətində milli kimlik və türkçülük elementləri” mövzusunda məruzə ilə çıxış edən S.Nemətzadə bildirib ki, onun apardığı araşdırmalar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun  maliyyələşdirdiyi “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” qrant layihəsi çərçivəsində gerçəkləşib. Məruzəçi Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib, Azərbaycan xalçalarının dünyanın ən məşhur muzeylərində nümayiş etdirildiyini diqqətə çatdırıb. 

2010-cu il noyabrın 10-da Azərbaycanın xalça sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi söyləyən S.Nemətzadə vurğulayıb ki, xalça sənəti, xalçaçılıq xalqımızın dünya mədəniyyətinə töhfəsidir.

Məruzə zamanı vizual olaraq xalça toxuma prosesi monitorda tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanlı alimin  məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda S.Nemətzadəyə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşəkkürnamə təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.