Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Oğuz bölgəsi və ətraf ərazilərin arxeoloji tədqiqatları barədə əsər nəşr edilib
27.11.2017 10:18
  • A-
  • A
  • A+

Oğuz bölgəsi və ətraf ərazilərin arxeoloji tədqiqatları barədə əsər nəşr edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin “Oğuz və ətraf ərazilər orta əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası nəşr edilib. Monoqrafiyada müəllifin iştirakı ilə son illərdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərinin nəticələri əks olunub.

Nəşrdə Qafqaz Albaniyasının, Xilafət dövrü, Şirvanşahlar, Atabəylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövrü abidələrinin xronoloji cəhətdən ardıcıl şəkildə tədqiqi həmin abidələrin bir-birinin maddi-mədəni irsinin davamı kimi göstərilib. Azərbaycan xalqının formalaşmasında başlıca rol oynamış alban və oğuz tayfalarının qurduğu dövlətlər zamanında mövcud olmuş abidələrin tarixi-arxeoloji tədqiqi tarix, arxeologiya, etnologiya və antropologiya elminin aktual məsələlərinin araşdırılması baxımından əsər mühüm əhəmiyyət kəsb etməkdədir.

Monoqrafiyanın birinci fəslində ərazinin yaşayış yerləri və müdafiə istehkamları, ikinci fəsildə qəbir abidələri və dini-memorial tikililər, sonuncu fəsildə isə qeyd olunan abidələrdə aparılmış qazıntı işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələrinin təsnifatı verilib, arxeoloji materiallar əsasında bölgənin orta əsr təsərrüfat həyatı öyrənilib. Əsərdə Oğuz rayonu ilə yanaşı, Qəbələ, Şəki, Ağdaş, Yevlax, Zərdab və Ucar rayonları ərazisində yerləşən orta əsr abidələrinin tədqiqi də yer alıb.    

Əsərin redaktoru tarix üzrə elmlər doktoru Qafar Cəbiyev, rəyçiləri - tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovdur. Monoqrafiya orta əsr dövrü tarixi və arxeologiyası mütəxəssisləri ilə yanaşı, Azərbaycan xalqının tarixilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: