Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada 100 mindən artıq türkdilli mənbə mühafizə olunur
25.11.2017 13:29
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 100 mindən artıq türkdilli mənbə mühafizə olunur

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib.

Tədbirdə türkdilli ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin təmsilçiləri, AMEA-nın institutlarının və ali məktəblərin nümayəndələri iştirak ediblər.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fondlarının zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, ölkə daxilində informasiya resursları içərisində ən qədim və unikal kitabların toplanıldığını, türkdilli mənbələrin sayca 100 mindən artıq olduğunu diqqətə çatdırıb.

Ortaq türk dəyərlərinin, elmi və mədəni irsinin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində bu mənbələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan L.İmanova MEK-in Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosiasiyasının yaradılması təşəbbüsündən, türk dövlətlərinin akademik kitabxanalarında mühafizə olunan sənədlərin elektron kataloqlarının birləşdirilməsinin vacibliyindən söz açıb. L.İmanova müasir tələblər səviyyəsində kitabxanaların öz fondlarını rəqəmsal formatda, ümumi bir portalda sistemləşdirməsinin gərəkli olduğunu qeyd edib. O, Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində beynəlxalq üslublu elektron kataloqun hazırlandığını bildirib.

Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat Azərbaycanda kitaba, mütaliə mədəniyyətinə böyük dəyər verildiyini, elmə marağın şahidi olduğunu vurğulayıb. O, türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxana kollektivinin təşəbbüsünü yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlı, Bakı Dövlət Universitetinin professoru Sevda Süleymanova, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət və başqaları kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin yazılmasında bu mənbələrin təbliğinin vacibliyindən söhbət açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: