Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzi Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair məlumat yayıb
24.11.2017 13:05
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzi Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair məlumat yayıb

Noyabrın 15-də, yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.

RSXM-ın Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə aparılan tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss edilib (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).

Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.

Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.

Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatların verilməsinə baxmayaraq RSXM-nin əməkdaşları tərəfindən evlərdə yaranan çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə aprel döyüşləri nəticəsində əmələgəlməsi, yəni evlərdə zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.

RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: